Hatəm Cabbarlı: “Həmsədrlərin səssizliyi təəssüf doğurur”

"Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı hədələyən bəyanat verməsi bundan sonrakı görüşlərdə də konsktruktiv olmayacağı haqqında fikrin yaranmasına əsas verir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

H. Cabbarlı bildirib ki, Ermənistan prezidentinin Azərbaycanı müharibə ilə hədələməsinə ATƏT-in Minsk qrupu tərəfindən səssiz qarşılanması təəssüf doğurur: "Bu bəyanatdan irəli gələrək demək olar ki, sonrakı mərhələdə də tərəflər arasında gərginlik yaşanacaq. Ermənistan yenə müharibə təhdidinə davam edə, təmas xəttində atəşkəsin pozulması halları yenidən yaşana bilər. Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsinin çox uzandığını vurğuladı. Hesab edirəm ki, bu ifadə xüsusi diqqətə layiqdir. Çünki Ermənistanın qeyri-konstruktiv möqveyi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemə biganə münasibəti problemin həllini 20 ildən artıqdır ki, yubadır. Münaqişənin həll edilməməsi isə bölgənin təhlükəsizliyinə ən böyük təhdidir. Hesab edirəm ki, problemin qısa zamanda həll olunması üçün ATƏT-in Minsk qrupu və digər vasitəçi dövlətlər Ermənistana təzyiqlər göstərməsə, Azərbaycan bütün mümkün yollarla işğal altındakı torpaqlarını azad etməyə təşəbbüs göstərə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə