Bu gün Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış, iyulun 31-dən avqustun 1-ə keçən gecə cəbhə xəttində erməni hərbi birləşmələrinin hücumlarının dəf edərkən şəhid olmuş Hüseyn Etibar oğlu Abdinovun dəfn mərasimi olub. SİA-nın məlumatına görə, H.Abdinov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətin başçısı Eldar Əzizov, onun müavinləri, millət vəkilləri Musa Qasımlı, Eldar İbrahimov, Hüseynbala Mirələmov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, hüquq-mühafizə orqanların işçiləri, şəhidin qohum-əqrəbası, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.
YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov şəhidin ailəsini ziyarət edib, onun valiydeynlərinə, qohumlarına başsağlığı verib. Xalqımızın belə qəhrəman oğulları ilə qürur duyduğunu deyən Baş nazirin müavini torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın qanının yerdə qalmacağını vurğulayıb: "Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. O da digər şəhid olan əsgərlərimizdən biridir. Azərbaycan xalqı öz şəhidlərini hər zaman uca tutub. Hesab edirəm ki, şəhidlik adı müqəddəsdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycanda gənclərimiz həlak olur. Bu yaxınlarda da bir neçə gəncimiz həlak olub. Güman edirəm ki, Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq. Bizim hərbiçilərimiz, dəyanətli döyüşçülərimiz tökülən qanların, həlak olan övladlarımızın qisasını alacaqlar. Hesab edirəm ki, bütün bunlar erməni tərəfinin son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sürətdə həll olunması ilə əlaqədar səsləndirilən bəyanatlara verdiyi əsəbi reaksiyanın ifadəsidir. Yəqin ki, Ermənistan bununla öz əhalisinin diqqətini daxili qeyri-sabitliyindən yayındırmağa cəhd edir.
Bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun gücü, qüdrəti, əsgərlərimizin mətinliyi erməniləri narahat edir. Cəbhə bölgəsində son günlərdə törədilən təxribatlar da, məhz bu narahatçılığın bariz nümunəsidir. Lakin Azərbaycan dövlətinin gücü, xalqının mətanəti, ölkəmizin yetişdirdiyi dəyanətli övladlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə və tökülən qanların əvəzini çıxmağa hazırdırlar və bunu edəcəklər".
Şəhidlər xiyabanında dəfn mərasimində şəhid H.Abdinovun ruhuna dualar oxunub, rituallara uyğun olaraq havaya yaylım atəşi açılıb, məzarı üzərinə gül-çiçək, əklillər qoyulub.
Qeyd edək ki, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu cəbhə xəttində düşmənin həmləsini dəf edərkən ağır yaralanmışdı və ötən gün hospitalda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB