"Hücum diplomatiyası Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir" MÜNASİBƏTLƏR
Prezident İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı. Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunmaqla yanaşı, hücum diplomatiyasının əhəmiyyəti haqqında da öz tövsiyə və tapşırıqlarını verdi. Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkilləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının sədrləri, ziyalıllar müşavirənin əhəmiyyətini yüksək qiymətləndirdilər və öz fikirlərini bölüşdülər.
Tahir Süleymanov, millət vəkili:
- Bildiyimiz kimi, bir neçə gün ərzində Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında, ATƏT PA-dakı və diplomatik heyətlə müşavirədəki çıxışları Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin açılışına xidmət edəcək. Bu mərhələ isə hücum diplomatiyasıdır. Həmçinin, dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi. Bu hədəflər ölkəmizin müasir bir ölkəyə çevrilməsi, ərazi bütövlüyünün təmin edilməsi, xalqımızın daha yaxşı yaşaması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsi idi. Fikrimcə, Prezident İlham Əliyevin bu nitqi diplomatiya, beynəlxalq münasibətlər və humanitar ixtisaslar üzrə təhsil alan tələbələr arasında geniş təbliğ olunmalı və fəallıq artırılmalıdır.
Qeyd edim ki, Azərbaycan digər xarici dövlətlərlə fəal əməkdaşlıq edir. Lakin fəal əməkdaşlığa baxmayaraq bir sıra dövlətlər və təşkilatlar Dağlıq Qarabağ probleminə yanaşmada beynəlxalq hüquq normalarının tətbiqinə səthi yanaşırlar. Xüsusilə də, ATƏT Parlament Assambleyasının Bakı sessiyasında Krımla bağlı qərarın qəbulu və Dağlıq Qarabağ probleminə yanaşma bu təşkilatlarla əməkdaşlıqda yeni bir formaya keçidin vacibliyini ortaya qoydu. Hesab edirəm ki, Prezident İlham Əliyevin bir qayda olaraq diplomatik xidmət orqanları rəhbərləri ilə görüşlər keçirməsi bizim xarici siyasətimizə yeni bir addımın atılması ilə bağlıdır. Eyni zamanda, Prezident İlham Əliyev proqram xarakterli çıxışı Azərbaycan diplomatiyası, eləcə də, alimlər, QHT-lər, həm də KİV-lər qarşısında çox ciddi vəzifələr qoyur. Ümumiyyətlə, Prezident İlham Əliyevin diplomatlara verdiyi tapşırıq onların fəaliyyətində daha uğurlu bir dönüşün yaratmasına gətirib çıxaracaq. Bu siyasət həm də Azərbaycanın beynəlxalq aləmdəki gücünü daha səmərəli olaraq sərgiləyəcək. Çünki artıq beynəlxalq aləm də ölkəmizin hansı gücə və qüdrətə malik olduğunu anlamağa başlayıb. Hücum diplomatiyasının davamlığı isə Azərbaycanın haqlı mövqedə dayanmasını bir daha sübut edəcək.
Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:
- Cənab Prezident İlham Əliyevin keçirmiş olduğu ayrı-ayrı görüşlər, ətrafında fikir mübadiləsi aparıldığı bir sıra məsələlər heç şübhəsiz ki, Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. Bu gün Prezidentimiz nəinki ölkə daxilində, eyni zamanda xaricdə də prinsipial, mövqeyindən geri çəkilməyən mövqeyini ortaya qoyur. O, bütün hallarda dövlətimizin maraqlarına xidmət edən siyasətini nümayiş etdirir. Bu isə ölkəsini sevən, onun gələcəyini düşünən bir lider kimi dövlət başçısının nüfuzunu daha da artırır. Xarici ölkə başçıları Prezident İlham Əliyevə hörmətlə yanaşır.
Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşdə dövlət başçısının onlara hücum diplomatiyasına üstünlük verməyi, tam cəsarətlə erməni yalanlarını ifşa etməyi tövsiyə etməsi də çox mühüm addım kimi qiymətləndirilməlidir. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası nəticəsində Ermənistan dünyada səsi eşidilməyən, nüfuzu olmayan, hörmət qoyulmayan bir ölkəyə çevrilib. Fakt budur ki, Ermənistan inkişaf etmiş dünya dövlətləri tərəfindən müdafiə olunmur. Bu ölkəni yeganə müdafiə edən erməni lobbisinin təsiri altında olan xristian klubu, Azərbaycanı istəməyən siyasi qüvvələr, bir də dövlət olaraq Rusiyadır. Avropanın və dünyanın heç bir rəsmi qurumunun rəhbəri bu gün Ermənistanın yanında deyil. Artıq bu ölkəyə, onun rəsmilərinə ironiya ilə yanaşırlar. Təbii ki, işğalçı ölkənin bu duruma düşməsində Prezident İlham Əliyevin konseptual olaraq ortaya qoyduğu hücum diplomatiyasının böyük rolu var.
Təmiraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının sədri:
- Prezident İlham Əliyev öz çıxış, nitq və müsahibələrində dövlətimizin qüdrətləndirilməsi və ölkəmizin daha da inkişaf etdirilməsi üçün aydın istiqamətlər müəyyən edir, həmin istiqamətlərin icrası üçün dövlət məmurlarına, məsul şəxslərə konkret tapşırıqlar verir və sonra özü hamıya nümunə göstərir. Bilavasitə cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsində də bu nümunənin şahidi oluruq.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı zəruri qətnamələr qəbul edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşularımızın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Sülh danışıqları nəticə verməsə Azərbaycan öz ərazıilərini digər vasitələrlə işğaldan azad etmək gücündədir. Əlbəttə ki, bu qəlbənin daha da tezləşdirilməsi üçün məhz Prezidentimizin vurğuladığı hücum diplomatiyası faktorundan ardıcıl olaraq istifadə etmək lazımdır.
Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının sədr müavini
- Əsl liderlik kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü də onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.
Xarici siyasətdə atılan qətiyyətli addımlar onu göstərir ki, Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail olur. Beləliklə, uğurlu daxili və xarici siyasət nəticəsində, eləcə də hücum diplomatiyasının uğurları nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu və mövqeyi əhəmiyyətli dərəcədə güclənir. Bu amil onu deməyə əsas verir ki, ölkəmizin dünya miqyasında artan nüfuzu, regionda söz sahibinə çevrilməsi Ermənistanın işğalçılıq siyasətinin daha geniş müstəvidə ifşa olunması və nəticə etibarilə münaqişənin diplomatik yolla həllinə ciddi zəmin yaradır.
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB