Hücum diplomatiyasının növbəti mərhələsi MÜNASİBƏTLƏR

“Prezident İlham Əliyevin nitqi Azərbaycan diplomatiyası, eləcə də, alimlər, QHT-lər, həm də KİV-lər qarşısında çox ciddi vəzifələr qoydu”
Hücum diplomatiyasının növbəti mərhələsi MÜNASİBƏTLƏR

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb. Prezident İlham Əliyev diplomatlara bir sıra tapşırıq və tövsiyələrini verib. Söhbət etdiyimiz millət vəkilləri, ziyalılar müşavirənin əhəmiyyətinin yüksək olduğunu və Prezident İlham Əliyevin cıxışının diplomatik sahədə növbəti hədəflərin müəyyənləşdirilməsi baxımından məzmunlu cıxış olduğunu söylədilər.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:

- Azərbaycan diplomatlarının müşavirəsi bir qayda olaraq Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edir. Açıq şəkildə keçirilən müşavirədə müzakirə edilən məsələlər barəsində cəmiyyətə geniş məlumat verilir. Prezident İlham Əliyevin diplomatlar qarşısındakı çıxışında Azərbaycanın tək xarici siyasəti ilə bağlı deyil, ümumilikdə Azərbaycanın strateji perspektivləri ilə bağlı dövlətin əsas prioritetləri açıqlandı. Çıxışında Prezident İlham Əliyev Azərbaycanın ötən müddət ərzində keçdiyi yola nəzər yetirib, diplomatik korpus qarşısında duran məsələləri bir vəzifə kimi onların qarşısında qoydu. Bu çıxışın mahiyyətindən irəli gələrək birmənalı şəkildə Azərbaycan dövlətinin günü-gündən inkişaf etdiyinin fərqinə varırlar. Bunu yalnız təbii sərvətlərlə əlaqələndirmək çox səhv bir yanaşma olardı. Çünki, dünyada kifayət qədər Azərbaycandan da çox təbii sərvətləri olan, ancaq bu gün böyük problemlər içərisində çabalayan, dünya birliyində yerini tuta bilməyən dövlətlərin də biz şahidi oluruq. Azərbaycan birmənalı şəkildə müstəqilliyini bütün istiqamətlərdə həyata keçirir. O müstəqil şəkildə özünün dövlətçiliyini, daxili həyatını və xarici siyasətini müəyyənləşdirir. Bu siyasət ümumilikdə Azərbaycana uğur gətirir. Bu gün Azərbaycan arzuolunan bir müttəfiqdir. Azərbaycanın imkanlarından istifadə etməyə tək inkişaf etməkdə olan ölkələr deyil, eyni zamanda artıq inkişaf etmiş ölkələr də maraq göstərir. Prezident İlham Əliyevin Azərbaycanın problemləri və qarşıda duran məsələlərlə bağlı çıxışı çox aydın idi. Hər nitqində Azərbaycanın bir nömrəli probleminin Ermənistan tərəfindən işğal olunmuş torpaqlar məsələsi olduğunu vurğulayır. Azərbaycanın dünya birliyinə mənsub olduğunu, İslam dünyasının tərkib hissəsi olduğunu bildirdi. Azərbaycanın inkişafının demokratiya ilə, insan hüquqları ilə, sahibkarlıqla bağlı olduğun diqqətə çatdırdı. Azərbaycanın Dağlıq Qarabağ məsələsində ərazi bütövlüyü prinsipinin heç bir halda geri çəkilməyəcəyini bir daha vurğuladı. Eyni zamana, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın daxili işlərində qarışmağa cəhd edilən bəzi xarici dairələrə çox əhəmiyyətli mesajlar verdi. Onların Azərbaycanın daxilində insan hüquqları müdafiəsi və yaxud da hansısa bir QHT pərdəsi altında özlərinin 5-ci kolonlarının yaratmaq cəhdlərini pislədi. Azərbaycan cəmiyyətinin ancaq öz milli maraqlarına uyğun olaraq hərəkət edəcəyini və bununla belə beynəlxalq hüquq normalarını insan hüquqlarını tələblərini yerinə yetirəcəyini bildirdi. Prezident İlham Əliyevin çıxışı artıq xarici mətbuatda geniş şərh edilməkdədir. Bu öz daxili imkanlarına söykənərək, xarici ölkələrin təcrübələrindən istifadə edərək, beynəlxalq hüquq normaları çərçivəsində güclü bir ölkə qura bilən bir dövlət nümunəsidir. Prezident İlham Əliyevin diplomatik korpus qarşısındakı çıxışı Azərbaycan cəmiyyətinin bugünkü maraqlarına tam cavab verir. Hər bir Azərbaycan vətəndaşı bu gün Prezident İlham Əliyevlə birlikdədir. Onun Azərbaycanı qüdrətləndirmək və Azərbaycanı maraqlarını qorumaq siyasətinin hər zaman müdafiəçisi olacaqdır.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva:

- Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Çünki, həmin müşavirədə Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi. Əslində Prezident İlham Əliyevin diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, İrəvan xanlığının tarixinin təbliğ edilməsi, Azərbaycanın beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündəki tapşırıqları "hücum diplomatiyası"nın növbəti mərhələsi oldu.

Prezident İlham Əliyevin diplomatlarımıza verdiyi tapşırıqların aydınlığı və konkretliyi dövlətimizin başçısının AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışlarının məntiqi davamı idi. Hazırda regionda və qlobal miqyasda davam edən proseslər, Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Şərqi Avropada baş verən olaylar prizmasında Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün apardığı siyasi kursu və atdığı diplomatik addımları daha da şaxələndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bəllidir ki, Dağlıq Qarabağ münaqişəsi ya diplomatik, ya da müharibə yolu ilə həll olmalıdır. Lakin Azərbaycan sülhpərvər siyasət yürütdüyən hələlik hərb variantını ikinci vasitə kimi əlində saxlayır. Bu baxımdan da, Prezident İlham Əliyevin rəhbərliyilə Ermənistanın Dağlıq Qarabağa olan iddialarını və bu konteksdə apardıqları təhrif dolu kampaniyanı iflasa uğratmaq üçün diplomatik fəallığımızı daha da artırmalıyıq. Əgər Dağlıq Qarabağ münaqişəsini ərazi bütövlüyümüz çərçivəsində həll etmək istəyiriksə, o zaman, həm dünya ictimaiyyətinin düşüncəsini erməni yalanlarından xilas etməliyik, həm də beynəlxalq hüquq və normalarla mövqeyimizi əsaslandırmalıyıq. Prezident İlham Əliyevin AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışları bir daha göstərdi ki, biz daha da irəli getməli və ermənilərin iddialarını yalanları ilə birgə məhv etməliyik. Ona görə də, Prezident İlham Əliyevin diplomatlara verdiyi bir nömrəli tapşırıqlar ölkəmizin perspektiv xarici siyasət kursu üçün strateji xarakter daşıyır.

Millət vəkili, professor Musa Qasımlı:

- Prezident İlham Əliyevin diplomatlarla keçirdiyi müşavirədə söylədiyi nitqi sonadək izlədik. Prezident İlham Əliyevin nitqi geniş, əhatəli və dərin məzmunlu idi. Bu nitqdə ötən iki ildə Azərbaycan diplomatiyasının keçdiyi yola yekun vuruldu, mövcud vəziyyət təhlil edildi və perspektivlər müəyyənləşdirildi. Prezident İlham Əliyevin nitqi Azərbaycan diplomatiyası, eləcə də, alimlər, QHT-lər, həm də KİV-lər qarşısında çox ciddi vəzifələr qoydu. Prezident İlham Əliyev Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi. Bu hədəflər ölkəmizin müasir bir ölkəyə çevrilməsi, ərazi bütövlüyünün təmin edilməsi, xalqımızın daha yaxşı yaşaması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsi idi. Fikrimcə, Prezident İlham Əliyevin bu nitqi diplomatiya, beynəlxalq münasibətlər və humanitar ixtisaslar üzrə təhsil alan tələbələr arasında geniş təbliğ olunmalı və fəallıq artırılmalıdır. Düşünürəm ki, Prezident İlham Əliyev bu nitqi ilə biz tarixçilərində qarşısında ciddi vəzifələr qoydu. Tarixçilər əsassız erməni iddiaları, "böyük Ermənistan" qurmaq üçün Ermənistanın işğallar həyata keçirməsi, terrorçu dövlət olması, Azərbaycanın Dağlıq Qarabağ regionuna ermənilərin yerləşdirilməsi və Ermənistanın siyasətinin dünya üçün təhdid olması, həmçinin İrəvanın Ermənistana paytaxtı olaraq verilməsi və digər məsələlər barədə ciddi tədqiqatlar aparılmalı, sadə və anlaşıqlı dildə xarici ölkələrdə yayılmalıdır.

Millət vəkili Çingiz Qənizadə:

- Prezident İlham Əliyevin bu qədər çətin iş qrafiki ilə işləməsi deyərdim ki, heç bir dövlət başçısında yoxdur. Bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Avropa Şurasındakı, ATƏT-dəki və bu kimi çıxışları Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin açılışına xidmət edəcək. Bu mərhələ isə hücum kampaniyasıdır. Çünki, indiyə qədər biz nə qədər ki, bu dövlətlərlə bir dialoq şəkilində fikir mübadiləsi aparırdıq, sonda həmin dövlətlər hansısa bir məsələdə beynəlxalq hüquq normalarını görməməyə çalışdılar. Xüsusilə də ATƏT Parlament Assambleyasının Bakıdakı sessiyasında Krımla bağlı qərarın qəbulunda və burada Dağlıq Qarabağın yaddan çıxarılması bu təşkilatlarla əməkdaşlıqda yeni bir formaya keçidin vacibliyini ortaya qoydu. Fikrimcə, Prezident İlham Əliyevin bir qayda olaraq diplomatik xidmət orqanları rəhbərləri ilə iki ildən bir görüşün keçirilməsi bizim xarici siyasətimizə yeni bir addımın və dönüşün atılması ilə bağlıdır. Prezident İlham Əliyevin diplomatlara verdiyi tapşırıq və Ondan diplomatların əldə etdiyi fikirlər, dövlət başçısının siyasi mövqeyi onların fəaliyyətində daha uğurlu bir dönüşün yaratmasına gətirib çıxaracaq.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə