Əli Həsənov: “Münaqişədən daha çox qaçqın və məcburi köçkünlərimiz əziyyət çəkir”

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycan-İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açılıb.

Bununla belə münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmadığından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizliyin baş alıb getdiyindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkdiyindən təəssüfləndiyini bildirən Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti və xalqı münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

Ümumiyyətlə, münaqişənin həlli yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən də çoxdur ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunaraq bildirilib ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuş və bu gün də həmin mövqedən çıxış edir.

Öz növbəsində Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən israilli diplomat bütün bunların şahidi olduğunu və ona Dövlətqaçqınkomun sədrinin müavinlərinin müşaiyəti ilə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirmiş, bu cür görüşlərin vaxtaşırı keçirilməsinin vacibliyini önə çəkib. Keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu bildirən diplomat yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Baş nazirin müavini Əli Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə israilli diplomata təşəkkürünü bildirib, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...