Bu gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında "Terrorizmlə mübarizə" adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qətnamə layihəsində terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatçılıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında ATƏT-in rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağrılır.
Həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, o cümlədən terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatçılıq bildirilir.
Bununla belə qətnamə layihəsi ATƏT-ə üzv ölkələri informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırır.
Qətnamə layihəsi ATƏT-ə üzv ölkələri terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, eyni zamanda anti-terror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin Konvensiyalarına uyğunlaşdırmağa çağırır.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, bu gün terrorzim bütün xalqları və dövlətləri təhdid edir: "Hesab edirən ki, bu mövzu ətrafında qətnamənin qəbul edilməsi qanunauyğundur".
Sədr müavinin sözlərinə görə, dini baxışlarına görə insanların terror halları ilə qarşılaşmasına da rast gəlinir: "Bu məsələlər yalnız diskussiya şəklində qalmamalıdır. Bu günə kimi beynəlxalq praktikada çoxsaylı sənədlər olub".
Bahar Muradova deyib ki, bu gün bəşəriyyət terror qarşısında çox ciddi təhlükədədir: "Azərbaycan qanunverciliyi bu məsələləri daim öndə tutur. Hesab edirəm ki, belə sənədlərin qəbulu bizim sayıqlığımızı artırır. Burada heç nə milli maraqları üstələyə bilməz. Azərbaycan hər zaman terrora qarşı alyansın tərkib hissəsi olub və terrorizmin bütün növlərinə qarşı öz etirazını bildirib".
Qətnamə layihəsinin müzakirəsi zamanı layihə digər nümayəndələr tərəfindən müsbət dəyərləndirilərək qeyd olunub ki, bu qətnamə layihəsi anti-terrorizm sahəsində ATƏT-ə üzv ölkələrin əməkdşlığını artıra və terrozimə qarşı ümumi strategiyanın müəyyən edilməsinə səbəb bilər.
Qətnamə layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB