Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşüb.
SİA-nın xəbərinə görə, Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlətimizin başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşüb.
Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 24-də Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə də görüşü olub.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Görüşdə Azərbaycanın hüquq mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB