Tahir Süleymanov: "Leyla Yunusu Ermənistanda qəhrəman elan etsələr heç kim təəccüblənməməlidir”

Tahir Süleymanov: "Leyla Yunusu Ermənistanda qəhrəman elan etsələr heç kim təəccüblənməməlidir”

Millət vəkili Tahir Süleymanov SDİ-nin direktoru Leyla Yunusun NATO tədbirindəki davranışları ilə qərəzli xarici dairələrin sifariş əsasında fəaliyyət göstərdiyini və hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutduğunu bildirib.

Millət vəkili SİA-ya açıqlamasında bildirib ki, qərəzli xarici dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən Leyla Yunus hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub, hətta mütəmadi surətdə təhqiramiz fikirlər səsləndirib: "Məhz onun bu cür anti-Azərbaycan xidmətləri qərəzli xarici dairələr tərəfindən də müvafiq olaraq qiymətləndirilməkdədir. Son olaraq isə bu "hüquq müdafiəçisi" anti-azərbaycançı dairələrin tapşırıqları əsasında ölkəmizdə "siyasi məhbus" məsələsini gündəmə gətirməyə çalışıb. Hətta iş o yerə çatıb ki, L.Yunus bəzi məhbusların qohumları ilə danışıqlar apararaq onları rüşvət qarşılığında "siyasi məhbus" elan etməyi təklif edib. Məhz bu fakt L.Yunusun "siyasi məhbus" fəallığının digər bir səbəbini ortaya çıxarmağa imkan verir. O, bununla həm anti-azərbaycançı dairələrdən qonorar, həm də məhbus yaxınlarından rüşvət almağa çalışır. Təsadüfi deyil ki, bu şəxs aldığı qonorarlar sayəsində ölkə sərhədlərindən kənarda kifayət qədər mülk və obyekt sahibi olub. Şübhəsiz, L.Yunusun bu cür mövqe nümayiş etdirməsi yeni deyil və bu şəxsin keçmişi çoxsaylı milli xəyanətlərlə doludur".

Millət vəkili eyni zamanda xatırlatma edərək bildirdi ki, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuatı xidmətinin rəhbəri olan L.Yunus casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürüb: "Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Təəssüf ki, bütün faktlar ortada ikən Leyla Yunus hələ də Azərbaycanda yaşayır və ölkəmiz əleyhinə təbliğat aparır. Hesab edirəm ki, bu fərdin əməlləri qanunla, hüquqi çərçivədə öz cavabını almalıdır".

Tahir Süleymanov NATO-nun tədbiri çərçivəsində erməni nümayəndə heyətinin Leyla Yunusa dəstək verməsini də qeyd edərək, əslində ounn bütün kartlarının cəmiyyətə açıq olduğunu sərgilədi: "Bu gün cəmiyyət də açıq-aşkar görür ki, bəli, Leyla Yunus "siyasi məhbus" məsələsi ətrafında bəyanatlar verərək öz erməni aşnalarının dəyirmanlarına su tökür. Məhz bu baxımdan, əgər Leyla Yunusu Ermənistanda qəhrəman elan etsələr heç kim təəccüblənməməlidir".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə