Adil Əliyev: “Biz çox narahatıq ki, torpaqlarımıza erməni köçü bu gün də davam edir”

Adil Əliyev: “Biz çox narahatıq ki, torpaqlarımıza erməni köçü bu gün də davam edir”

"ATƏT-in Minsk qrupunun həmsədrləri hər zaman birtərəfli mövqedən çıxış ediblər. Azərbaycandan fərqli olaraq işğalçı dövləti, Ermənistanı üstün tutublar. O Ermənistanı ki, torpaqlarımızın 20 faizini işğal etmələrinə baxmayaraq, cəbhə bölgəsində mütəmadi olaraq atəşkəsi pozmağa cəhd göstərirlər". Sözügedən fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev həmsədrlərin ikili standartlardan çıxış etmələrinə münasibət bildirərkən deyib.

"Bunu hətta ATƏT-in Minsk qrupunun keçirdiyi monitorinqlər zamanı da müşahidə etmək olar" -deyə, bildirən millət vəkili onu da vurğulayıb ki, bunu ermənilərin qanunsuz məskunlaşmasında da görmək mümkündür: "Bizdə olan bəzi məlumatlara əsasən göstərilirdi ki, Suriyadan köçürülən ermənilər Laçında və Kəlbəcərdə qanunsuz olaraq məskunlaşdırılır. Bu məlumatların araşdırılması üçün həmsədrlər sözügedən ərazilərdə manitorinq keçirsələr də, məsələyə heç bir reaksiya vermədilər. Hətta məruzə ilə çıxış etdilər ki, işğal altında olan ərazilərdə insan artımı müşahidə edilməyib, ancaq infrastrukturda müəyyən dəyişiklik var. Niyə İrəvanda hansısa infrastruktur layihələri həyata keçirilmir, amma işğal altında olan Azərbaycan torpaqlarında infrastrukturda yenilik müşahidə olunur? Bu nə deməkdir? Əgər bir ərazidə insan yaşayışı yoxdursa, ermənilərə söz verilməyibsə ki, sizin rahat yaşayışınız üçün hərtərəfli imkanlar yaradılacaq, bəs o ərazilərdə kimin üçün bu təmir-tikinti işləri həyata keçirirlər? Bu, Azərbaycan tərəfini narahat edə bilməz. Biz çox narahatıq ki, əsrlərdən bəri torpaqlarımıza erməni köçü bu gün də davam etməkdədir".

Sərsəng su anbarı ilə bağlı məsələyə də aydınlıq gətirən millət vəkili qeyd edib ki, Azərbaycan seperatçı Dağlıq Qarabağın rəhbərliyi ilə danışığa getməyəcəyi və Sərsəng su anbarından işğalçı dövlətlə birgə istifadə etməyəcəyini bəyan edib: "Çünki Azərbaycan heç vaxt düşmən dövlətlə ikitərəfli müqavilə imzalamaz. Bu həm bizim milli maraqlarımıza, həm də ərazi bütövlüyümüzün bərpasında ziddir. Bu məsələdə dövlətimiz hər zaman qəti mövqe nümayiş etdirib. Bu gün Azərbaycan dövləti heç bir dövlətdən asılı olmayan tam müstəqil siyasət yürütməklə dünyada söz sahibinə çevrilib".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə