Vitse-spiker Anna Brassörün CAVABINI VERDİ

Bahar Muradova: “Oqtay Əsədov haqlı olaraq bu məsələyə etirazını bildirib və AŞPA nümayəndələrini daha vacib məsələri müzakirə etməyə çağırıb”
Vitse-spiker Anna Brassörün CAVABINI VERDİ

"Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin həll edilməsinə biganə münasibətlərinin bu günə qədər davam etməsini təəssüf hissi ilə qeyd edirəm". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova AŞPA prezidenti Anna Brassörün parlamentdəki çıxışında Azərbaycanda siyasi məhbus probleminin mövcud olması iddialarına münasibətini bildirərkən deyib.

Bahar Muradova qeyd edib ki, Azərbaycan tərəfi uyğun məqamlarda dəfələrlə bunu deyib amma bu amil elə mövqe olaraq qalmaqdadır: "Beynəlxalq təşkilatların rəsmiləri və vasitəçiləri Dağlıq Qarabağ problemi ilə bağlı ümumi fikirlər səsləndirməklə qənaətlənirlər. Azərbaycan beynəlxalq təşkilatlara üzvlüyünü özünün əhəmiyyətli prioritet istiqamətlərindən hesab edir. Belə ki, bu çərçivədə beynəlxalq aləmdəki proseslərə münasibətini ifadə etməklə, özünün problemlərini dünyanın diqqətinə çatdırmaq və problemlərin həll yolunda bunların kömək olmasına çalışmaqdır. Əlbəttə ki, AŞPA və digər beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi məhz bu konteksdə qururuq".

Bahar Muradova eyni zamanda qeyd edib ki, bütün fəaliyyətimizin mərkəzində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağ probleminin həlli dayanır: "Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində diqqətin sözügedən məsələyə yönəlməsində vasitəçi rolu oynamağı düşünür. Düşünürük ki, ərazisinin 20 faizi işğala məruz qalan, əhalisinin bir qismi qaçqın köçkün vəziyyətdə yaşayan bir ölkədə keçirilən tədbirlərdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri, parlamentarilər bu məsələyə diqqət yetirməlidirlər. Ancaq müşahidələrimiz onu göstərir ki, münaqişə başlayandan bu günə kimi ölkəmizə qarşı biganəlik höküm sürüb. Dağlıq Qarabağla bağlı həm BMT-nin qəbul etdiyi qətnamələin, həm də Avropa Şurasının qəbul etdiyi sənədlərin yerinə yetirilməsində belə, biganəlik nümayiş olunur. Üstəlik, bu təcavüzün davamı olaraq, seperatçı rejimə və o əraziyə elə təcavüzkar ölkənin-Ermənistanın üzərindən çoxsaylı beynəlxlaq təşkilatların nümayəndələri, ayrı-ayrı ölkələrin ictiami-siyasi xadimləri, rəsmiləri, deputatları səfərlər ediblər ki, bu da bir növ həmin təcavüz siyasətin davamı kimi dəyərləndirilməlidir. Mən şəxsən bunu bu cür dəyərləndirirəm. Bu, mənim şəxsi qənaətimdir. Əgər Ermənistan qoşunlarının bu əraziyə daxil olmağını, işğal altında saxlamağını, mədəniyyət abidələrinin dağıdılmasına, insanları qaçqın-köçkün vəziyyətə salınmasına beynəlxalq təşkilatlar tərəfindən bu şəkildə biganəlik göstərilibsə, bunu da davamlı olaraq həyata keçirirlərsə, ermənilərin təbliğatlarına qoşulurlarsa, de-fakto rejimi qanuniləşdirməyə xidmət edirlərsə buna mütləq Azərbaycan öz imkanları çərçivəsində reaksiyasını bildirməlidir. Ermənistanı təcavüzkar hesab etdiyimiz üçün işğal olunmuş ərazilər üzərindən ora səfər edən şəxslərin Azərbaycana gəlməsinin qarşısını almaq məqsədi ilə həmin şəxsləri arzuolunmaz şəxslər siyahısına salırıq. Bu addımımızı özünü belə bu münaqişəyə diqqət çəkmək üçün bir vasitə hesab edirik. Dünya ölkələrinin diqqətini məsələyə yönəltmək istəyirik ki, bu təkcə bizim deyil, eyni zamanda dünya ölkələrinin problemidir. Dünyada baş verən münaqişələr bir daha onu göstərir ki, beynəlxalq təşkilatlar münaqişlərə biganə yanaşırlar. Təəcübülüdür ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirildiyini nəzərə alaraq diqqətlərin bu məsələyə yönəldilməsini istədiyimiz halda, biz əksini görürük. Bu məsələ barədə daha çox susqunluq nümayiş etdirildiyinin, məsələnin üzərindən yumşaqcasına keçilməsinin şahidi oluruq".

Vitse-spiker qeyd edib ki, bunların fəaliyyəti Azərbaycanın milli maraqlarına uyğun gəlməyən mövqe sərgiləyən, ölkəmiz əleyhinə öz maraqlarını həyata keçirmək istəyən dairələrin mövqeyini, bu və ya digər cinayət işlərində adları hallandırılan insanlara daha çox diqqət göstərməklə bir növ Qarabağ məsələsini arxa plana atmaq kimi müşühidə edilir: "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasının başlanğıcında da Azərbaycan, eləcə də dünya üçün vacib olan, böyük təhlükə törədən separatizmə, etnik münaqişələrə, təcavüzkar siyasətə, dini dözümsüzlüyə daha ciddi münasibət bildirməli olan AŞPA sədri Anna Brassör konkret fərdlər haqqında fikir bildirib və onlara olan münasibəti ilə Azərbaycana baxış nümayiş etdirib. Milli Məclisin spikeri Oqtay Əsədov haqlı olaraq bu məsələyə etirazını bildirib və bu təşkilatın nümayəndələrini daha vacib məsələri müzakirə etməyə çağırıb. Hesab edirəm ki, cənab spikerin bu mövqeyi kifayət qədər haqlıdır, konkretdir, dəqiqdir, qətiyyətlidir, Azərbaycanın mövqeyinə uyğundur. Tədbirdə iştirak edən ölkələrin nümayəndələri, eyni zamanda AŞPA rəsmiləri bundan nəticə çıxarmalıdırlar ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin və digər münaqişlərin təşkilat tərəfindən diqqətdə saxlanmasına cəhd göstərilsin".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə