II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işini 5-ci sessiya ilə davam etdirir

II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işini 5-ci sessiya ilə davam etdirir

Bu gün II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində "Davamlı inkişafın ölçüsü və sosial inteqrasiya: Yeni davamlı inkişaf məqsədlərinə nail olma istiqamətində fərdi məlumatların yaratdığı problem" mövzusunda 5-ci sessiya davam edir. SİA-nın məlumatına görə, sessiyada vurğulanıb ki, burada əsas məqsəd davamlı inkişaf, onun məqsədi və hədəflərinin BMT tərəfindən razılaşdırılmalı olan 3 qarşılıqlı əlaqə ölçüsü anlayışının daha geniş izahını verməkdir. Eləcə də diqqətə çatdırılıb ki, burada stimullaşdırıcı amil və digər vasitələrlə sosial inteqrasiyanın qiymətləndirilməsində müxtəlif versiyalar irəli sürmək və Post 2015 proseslərində bu amillərin tətbiqi istiqamətində qarşıya çıxan maneələri göstərmək də mühüm amildir.

Moderator qismində çıxış edən Bertelsman Stiftung Fondunun layihə meneceri, Bertelsmann Transformasiya indeksi üzrə məsul şəxs Sabine Donner çıxış edərək deyib ki, bu panellərdə müzakirə olunacaq fikirlər çox önəmlidir: "Davamlı inkişaf və inkluzivlik 2015-ci ildən sonrakı proseslərdə davam etdirilməlidirmi? Hesab edirəm ki, bu məsələlərin şərhi cəmiyyət üçün önəmlidir".

Daha sonra məruzəçilər - Boliviyanın sabiq prezidenti, Madrid Klubunun vitse-prezidenti Jorge Quiroga, Ümumdünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Lagumdziya, Albaniyanın sabiq prezidenti Bamir Topiyə söz verilib.

Ümumdünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das deyib ki, bu sessiya çərçivəsində müzakirələrin aparılmasından sonrakı nəticələr cəmiyyətin sms-ləri vasitəsilə yəni, onların rəyləri ilə öyrənilməlidir.

Albaniyanın sabiq prezidenti Bamir Topi diqqətə çatdırıb ki, ölkəsinin ticarət dövriyyəsi Çinlə müqayisədə 3-4 dəfə çoxdur: "2015-ci ildən sonrakı Minilliyin inkişafı proqramına gəldikdə deyə bilərəm ki, hər bir ölkə burada öz fikirlərini bildirməlidir. Biz bu inkişafın əldə olunması üçün digər ölkələri də bura dəvət etməliyik. Deyə bilərəm ki, Çinin iqtisadiyaytı 7 faizədək azalıb. Təbii ki, burada ABŞ-ın apardığı siyasət mühüm rol oynayır".

Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Lagumdziya isə vurğulayıb ki, ölkəsi daimi toqquşmalarla üzləşib: "Bəs gəlin görək biz irəliləyişə necə nail ola bilərik? Ədalət heç nə ilə ölçülmür və ölçüyə gəlməzdir. Hesab edirəm ki, biz hər hansı bir problem yarandığı təqdirdə bir araya gələrək bu məsələləri müzakirə etməliyik".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir. Foruma bu gün mətbuat konfransı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə