Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində Fələstinin Azərbaycandakı səfiri Əbdülkərim Əbdürrəhmanla görüş keçirilib. SİA-nın xəbərinə görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ilinə həsr olunmuş tədbirdə çıxış edən Gənc Diplomatlar Birliyinin İcraçı katibi Elton İbrahimov layihə barədə məlumat verib. Daha sonra Azərbaycanla Fələstin arasında mövcud olan münasibətlərin tarixi kökləri barədə danışıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli isə çıxışında vurğulayıb ki, bu gün Azərbaycan-Fələstin münasibətləri yüksək səviyyədədir.

Çıxış edən Fələstinin Azərbaycandakı səfiri Əbdülkərim Əbdürrəhman 1988-ci ildə elan olunan Fələstin dövləti haqqında iştirakçılara məlumat verib: "Həmin il beynəlxalq təşkilatlar və dövlətlər yeni qurulan Fələstin dövlətini işğala məruz qalmış dövlət kimi tanıyıblar. Azərbaycanda Fələstin səfirliyi isə 3 il əvvəl açılıb. Bu səfirlik rəsmi Bakının təşəbbüsü ilə yaradılıb. Mənim üçün fəxrdir ki, prezidentimiz Mahmud Abbas məni məhz Azərbaycana səlahiyyətli və fövqaladə səfir kimi təyin edib".

O qeyd edib ki, Fələstinlə Azərbaycan arasındakı əlaqlər tarixi köklərə malikdir: "Azərbaycan həmişə Fələstin xalqının azadlıq mübarizəsini dəstəkləyib və xalqımızın yanında olub. Fələstin də hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib".

Səfir deyib ki, onun bir diplomat kimi fəaliyyəti çox çətindir: "Torpaqları işğal olunmuş bir dövlətin səfiri kimi fəaliyyətim bir qədər fərqlidir. Yəni, ənənəvi deyil. Bununla belə, dövlətimiz öz fəaliyyətini göstərir. Azərbaycan kimi dövlətlər də həmişə bizə yaxından dəstək göstərib".

Daha sonra səfir iştirakçıların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə