“Politico” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu haqqında məqalə dərc edilib

“Politico” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu haqqında məqalə dərc edilib

Amerikada çıxan nüfuzlu "Politico" qəzetində jurnalist Darren Qudun Cənub qaz dəhlizi haqqında məqaləsi dərc edilib.
Məqalədə dəyəri 45 milyard dollar olan, əhəmiyyəti günbəgün artan Cənub qaz dəhlizinin vacibliyindən söhbət gedir. Üç hissədən ibarət olacaq bu qaz dəhlizi Avropa üçün qazın təxminən üçdə bir hissəsini təmin edən Rusiya ərazisindən, daha sonra Rusiyadan Avropaya qaz kəmərlərinin keçdiyi Ukrayna ərazisindən çəkiləcək.
Müəllif Azərbaycanın ABŞ-dakı səfirindən sitat gətirərək yazır ki, Vaşinqton Avropanın yeganə qaz təchizatı mənbəyindən asılılığını azaltmaq yolları axtardığı bir vaxtda Cənub qaz dəhlizi reallaşdırılmaq üçün ən münasib layihədir. D.Qud qeyd edir ki, geosiyasi çətinliklər üzündən Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duyur. Cənub qaz dəhlizi layihəsi həm ABŞ Konqresi üzvlərinin diqqətini cəlb edib, həm də Dövlət Departamentinin yüksək vəzifəli məmurları tərəfindən bəyənilib.
Dövlət katibi Con Kerri bu ayın əvvəlində Brüsseldə enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş rəsmi görüşdə bu layihənin həyata keçirilməsini dəstəklədiyini bildirmişdir. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da Prezident Obama Administrasiyasında Avrasiyanın energetika məsələləri üzrə xüsusi nümayəndə kimi fəaliyyətinin lap əvvəlindən bu qaz kəməri layihəsini birmənalı şəkildə dəstəkləyib. Müəllif dövlət katibinin ABŞ enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Xoçstayna istinad edərək yazır ki, Birləşmiş Ştatlar, o cümlədən ölkənin indiki administrasiyası bu layihənin həyata keçirilməsinə başlanması üçün çox səy göstərib. Xoçstayn "Politico" qəzetinə müsahibəsində həmin layihə ilə Ukraynadakı hadisələr arasında əlaqə olmamasını da vurğulayıb, çünki bu layihə bir neçə il ərzində hazırlanıb.
D.Qud yazır ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun sözlərinə görə, bu layihənin gerçəkləşməsi üçün Azərbaycan ABŞ rəhbərliyinin dəstəyinə ehtiyac duyur. Cənub dəhlizi Avropanı qaz ilə təchiz edənlər üçün rəqib deyildir, çünki Rusiya hər il Avropaya 140 milyard kubmetr qaz göndərir (Avropaya ildə 400 milyard kubmetr qaz lazımdır), Azərbaycan isə birinci mərhələdə Avropaya hər il "Şahdəniz-2" yatağından 16 milyard kubmetr qaz nəql edəcək, bunun 6 milyard kubmetrini Türkiyə qəbul edəcək.
Müəllif daha sonra Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində hazırlanmış Energetika və Milli Təhlükəsizlik Proqramının böyük elmi işçisi Ed Çouya istinadla yazır ki, cənub-şərqi Avropanı qaz ilə təchiz edəcək alternativ marşrutun işlənib hazırlanması özlüyündə vacib faktdır. Bu dəhliz vasitəsilə nəql edilən qaz cənub-şərqi Avropa ölkələrinə, o cümlədən Bolqarıstana kömək edəcək. Bolqarıstan hazırda idxal edilən 3 milyard kubmetr qazın hamısını Rusiyadan alır, gələcəkdə isə bu qazın üçdə bir hissəsini Azərbaycandan alacaq.
Albaniya üçün bu layihə ətraf mühitin qorunması baxımından sərfəli olacaq, çünki hazırda istifadə edilən daş kömürün bir hissəsi həmin layihə həyata keçiriləndən sonra təbii qazla əvəz ediləcək.
Üstəlik, müəllifin fikrincə, bu layihənin gerçəkləşməsi qaz ehtiyatlarının həcmi 30 trilyon kub futa qədər olan Azərbaycanın digər yataqlarının işlənməsinə stimul yaradacaq, habelə gələcəkdə Türkmənistanın və Qazaxıstanın təklif edilən Transxəzər qaz kəməri vasitəsilə bu dəhlizə qoşulmasına imkan verəcək. Buraya digər alternativ qaz mənbələrini, o cümlədən Şimali İraqda, Aralıq dənizinin şərq sahillərində və İsraildə mövcud yataqlar kimi başqa də əlavə etmək olar (yeri gəlmişkən, İsrail hazırda istehlak etdiyi neftin 40 faizini Azərbaycandan alır).
Vaşinqton qanunvericiləri bu layihəni dəstəkləyirlər. Məsələn, Ohayo ştatından olan konqresmen Maykl Terner hələ keçən ilin iyun ayında avropalı müttəfiqlərin enerji təhlükəsizliyini dəstəkləyən qətnamə təklif edib. Konqresdə Ternerin hər iki partiyadan olan 56 həmkarı onu dəstəkləmişdir. Aprelin 11-də ABŞ Konqresində Cənub qaz dəhlizinin əhəmiyyətinə dair brifinq də Maykl Ternerin dəstəyi ilə təşkil edilmişdi. Həmin brifinqdə ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov və Corctaun Universitetinin professoru Brenda Şaffer çıxış edib.
Müəllif yazır ki, sözügedən brifinqdə həm Demokratlar partiyasını, həm də Respublikaçılar partiyasını təmsil edən konqresmenlərin ofislərinin 40 nümayəndəsi, habelə əsasən Şərqi Avropa dövlətlərinin və Balkan ölkələrinin 18 səfirliyinin işçiləri iştirak edirdi. Tədbirin məqsədi bu işdə marağı olan tərəfləri Avropa üçün əlavə qaz mənbələri barədə məlumatlandırmaq idi.
Müəllif öz məqaləsini dövlət katibinin ABŞ enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini, Azərbaycanı "ABŞ-ın yaxın dostu və müttəfiqi" adlandırmış Amos Xoçstaynın sözləri ilə tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə