Yevda Abramov: “Bu səfərin həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyəti var”

Yevda Abramov: “Bu səfərin həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyəti var”

Azərbaycan Prezidenti Cənab İlham Əliyev İrana dəvət olunmuşdu və dövlət başçımız da bu səfəri reallaşdırdı. Səfər çərçivəsində Azərbaycanla İran arasında bir sıra mühüm müqavilələr, sənədlər imzalandı. Bu səfərin həm Azərbaycan, həm də İran üçün çox böyük strateji əhəmiyyəti var. Ancaq bu gün Azərbaycanda bəzi qüvvələrin dilindən, onların qəzetlərinin səhifələrindən "pərdəarxası" sözü düşmür. Türkiyənin Baş naziri R.T.Ərdoğan Azərbaycana gələndə müxalifət mətbuatı yazdı ki, "Ərdoğanın səfərinin pərdəarxası məqamları", Con Kerri nə vaxtsa ölkəmizə gələcək, amma indidən yazıblar ki, "Kerrinin səfərinin pərdəarxası məqamları". İndi də Azərbaycan Prezidenti İrana rəsmi səfər etdi, yenə də yazırlar ki, "İrana səfərin pərdəarxası məqamları". Müxalifətin bu cür yersiz ifadələri gülüncdür. Bu fikirləri Azərbaycan Prezidenti Cənab İlham Əliyevin İrana səfərinə və müxalifət mətbuatının bu səfərin "pərdəarxası" məqamları ilə bağlı iddialarına münasibət bildirən millət vəkili Yevda Abramov SİA-ya açıqlamasında bildirib.

Onun özlərinə görə, İranla Azərbaycan qonşu dövlətlərdir və qarşılıqlı səfərlər də olmalıdır: "Ancaq bu səfərlərdən şou düzəltmək istəyən, səfərin guya "pərdəarxası", "gizlin" məqamlarının olması ilə bağlı iddialar səsləndirən şəxslərin görünür, dövlət idarəçiliyindən xəbərləri yoxdur. Bu adamlar Ukraynadakı hadisələrin qızğın vaxtında deyirdilər ki, Rusiya Azərbaycana da hücum edəcək. Ancaq bilmirlər ki, bunun üçün Rusiyanın heç bir obyektiv və subyektiv səbəbi yoxdur. Azərbaycanla Rusiya strateji partnyordur. O ki qaldı İrana, Azərbaycanla İran arasında strateji müttəfiqlik mövcuddur, iki ölkə arasında mühüm məsələlər, eyni zamanda qaz layihələri ilə bağlı mühüm bağlar var. Bu, iki ölkə və onların iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Hansısa "pərdəarxası" məqamlardan danışmaq cəfəngiyyatdır. Çünki Azərbaycan açıq və müstəqil siyasət yürüdür, kimsədən də çəkinəcəyi yoxdur ki, hansısa gizli addım atsın".

Bütün xəbərlər Facebook səhifəmizdə