Aydın Mirzəzadə: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin vaxtı bitir, bundan sonra…”

Aydın Mirzəzadə: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin vaxtı bitir, bundan sonra…”

"Azərbaycanla Ermənistan arasında "Bişkek müqaviləsi"nin imzalanması Ermənistanın düşdüyü çətin vəziyyətlə bağlı idi. Rusiya tərəfinin də çoxsaylı təkidlərindən sonra Azərbaycan rəhbərliyi atəşkəs rejiminə razılıq verdi. O vaxtdan bu günə qədər atəşkəs rejimi Ermənistan tərəfindən vaxtaşırı pozulsa da, ümumən atəşkəsi qorumaq mümkün oldu. Atəşkəs rejiminin bu günə qədər qorunması Azərbaycan tərəfinin sülhə olan hörmətidir. Qeyd edim ki, atəşkəs rejiminin indiyə qədər qorunması təkcə sülh müqaviləsinə görə deyildi. Bu, eyni zamanda problemin həllində sülh variantından da istifadəyə şərait yaradılması üçün Azərbaycan tərəfindən edilən böyük bir jest idi. Amma may ayında Azərbaycanla Ermənistan arasında imzalanan sülh müqaviləsinin müddəti başa çatır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

1994-cü ilin may ayında Azərbaycanla Ermənistan arasında bağlanan "Bişkek protokolu"nun müddətinin bu ilin may ayında başa çatmasından sonra iki ölkə arasındakı sülh amilinin bundan sonrakı taleyinin necə olacağı ilə bağlı danışan A.Mirzəzadə qeyd edib ki, bundan sonra situasiya bir neçə variantda ola bilər: "Birincisi, Azərbaycan və Ermənistan tərəfləri yeni bir saziş imzalaya bilərlər. Mümkündür ki, tərəflərin razılığı ilə həmsədrlər sülh müqaviləsinin müəyyən müddətə qədər uzadılması ilə bağlı rəsmi bəyanat versinlər. İkincisi, rəsmi şəkildə atəşkəs rejimi olmasa da, tərəflər müəyyən razılıqla atəşkəs rejimini qoruya bilərlər. Digər tərəfdən, Ermənistanın indiyə qədər Azərbaycan torpaqlarını işğalda saxladığını nəzərə alsaq, hərbi əməliyyatların başlaması da mümkündür. Yəni bu variantlardan hər birinin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycan Silahlı Qüvvələri özünün potensialına, hazırlığına və döyüş qabiliyyətinə görə Ermənistan ordusunu qat-qat üstələyir. Hətta Sarkisyan da Azərbaycanın hərbi potensialının Ermənistanın gücündən üstün olduğunu demişdi. Azərbaycan torpaqlarının əbədi işğalda qalmasına razı olmayacaq. Hərhalda, Azərbaycan sülh müqaviləsinin müddəti başa çatandan sonra bu məsələdə də özünün milli maraqlarını nəzərə alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə