Aydın Hüseynov: "Azərbaycan-Türkiyə münasibətləri əsl qardaşlıq üzərində qurulub" MÖVQE

Aydın Hüseynov: "Azərbaycan-Türkiyə münasibətləri əsl qardaşlıq üzərində qurulub" MÖVQE

"Azərbaycanla Türkiyə arasındakı əsl tarixi köklərə əsaslanan əsl qardaşlıq və dostluq münasibətləri mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov bildirib.

A.Hüseynov bildirib ki, bu gün ölkəmizə Qarabağ problemi ilə bağlı ən böyük siyasi dəstəyi də məhz qardaş Türkiyə dövləti verir: "Bu, dəstək sözlə bitmir. Bu gün Ermənistanla sərhədləri Qarabağı işğalda saxladığına görə, açmır. Həmçinin, Türkiyə dövlətinin rəhbərləri zaman-zaman dünyanın ən böyük kürsülərindən Azərbaycanın ərazi bütövlüyünə olan dəstəyini açıq şəkildə bəyan ediblər. İki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıq inkişaf edərək strateji əmədaşlıq səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələri o qədər çoxşaxəlidir ki, bu haqda şox arqumentlərə toxunmaq olar. Ancaq iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunsaq deyə bilərik ki, ölkələrimiz arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Hazırda Azərbaycanda 2000-dən çox türk şirkəti sənaye, nəqliyyat, kənd təsərrüfatı və başqa sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 40%-ə qədərini türk şirkətləri təşkil edir. Eyni zamanda, Türkiyədə 1000-dən artıq Azərbaycan şirkətləri müxtəlif sahələr üzrə uğurlu fəaliyyətlə məşğuldurlar".

Türkiyənin Baş naziri R.T.Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməsini şərh edən A.Hüseynov qeyd edib ki, Azərbaycan və Türkiyə bir-birinə açıq şəkildə dəstək olan, münasibətləri tam səmimiyyət əsasında qurulan dünyada bəlkə də yeganə dövlətlərdir: "R.T.Ərdoğan seçkidən sonra ilk səfərini ölkəmizə etməklə, ənənəyə sadiq qaldı. Bu, həm də uzun illərdir ki, haqlarımızı tapdalayan işğalçı qüvvələrə bir mesajdır. Bu səfər ölkələrimiz arasındakı əlaqələrə yeni bir stimul verəcək, hərtərəfli qarşılıqlı əlaqələrimizin bundan sonrakı inkişafı üçün mühüm amil olacaq. Azərbaycan-Türkiyə dostluğu yaxın illərin məsələsi deyil. Bu, yüzilliklər, minilliklər boyu tarixin sınağından çıxıb gələn bir dostluqdur. Şübhəsiz ki, bu dostluq, qardaşlıq bundan sonra da davam edəcək. Türkiyədəki bələdiyyə seçkiləri bu ölkənin daxili və xarici siyasətində iki amilin mövcudluğunu bir daha göstərmiş oldu. Birincisi, AKP-nin qələbəsi, xalqın bu partiyaya növbəti etimadı göstərdi ki, qardaş ölkədə xalqın mənafeyinə uyğun daxili siyasət aparılır. Yəni, başlıca məqsəd xalqa xidmətdir. İkincisi isə, seçkidən sonra cənab Ərdoğanın ilk səfərini Azərbaycana etməsi Türkiyənin xarici siyasətində bir çox mətləblərə aydınlıq gətirdi. O mənada ki, Türkiyə göstərdi ki, hər zaman dövlətimizin yanındadır, ilk səfər edəcəyimiz də məhz Azərbaycan olmalıdır. İki ölkə arasındakı ticarət dövriyyəsinin artması, bu rəqəmin milyardlarla ölçlülməsi də qarşılıqlı etimadın nəticəsidir. Bu səfər Azərbaycan-Türkiyə bağlılığını daha da möhkəm etmiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə