Dövlət müşaviri: “Boş qalan gənclərimizin yad təsirlərə uymaq ehtimalı daha çoxdur”
"Boş qalan gənclərimizin başqa istiqamətlərə yönəlmək, bizim dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, universitetlərdə oxuyub-oxumamağından asılı olmayaraq, gəncləri maraqlı, milli-mənəvi dəyərlər ətrafında elə layihələrə cəlb etmək lazımdır ki, o həqiqətən xeyir gətirsin: "Azərbaycanda mütləq gənclərlə bağlı işlər görülməlidir. Ali məktəb məzunları olan, təhsil alan və ya ali məktəblərə girə bilməyən gənclərimiz öz potensiallarını Azərbaycanın dövlətçiliyi, mənafeyi uğrunda gerçəkləşdirməyi bacarmalıdırlar. Bu potensial necə gerçəkləşəcək? Bizim gənclərlə işimizdə hansı boşluqlar var? Yəqin ki, biz onları da layihələr şəklində müəyyənləşdirəcəyik".
Açıqlaması zamanı K. Abdulla qeyd edib ölkədəki dini, eləcə də etnik-mədəni icmalarla mədəniyyətlərin, dillərin, dini məsələlərin öyrənilməsi ilə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiriləcək.
Onun sözlərinə görə, onlarla komissiyalar və icma nümayəndələri, Azərbaycan alimləri, tarixçiləri birlikdə məşğul olacaqlar: "Bir var ki, layihələr hazır şəkildə icmalara verilir, bir də var ki, onların özləri işləyirlər. Bu istiqamətdə fikirlərimiz çoxdur. Dini icmalarla bağlı layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək. Azərbaycanda olan dinlərin, təriqətlərin irəli sürdükləri tövsiyələr, fikirlər, əlbəttə ki, Dövlət Komitəsi tərəfindən də, alimlərimiz tərəfindən də dəyərləndiriləcək. Biz onları müxtəlif proqramlar vasitəsilə həyata keçirəcəyik. Məsələn, təhsil, strukturlaşma sahəsində, eləcə də bəzi məscidlərin yenidən qurması ilə bağlı və bir çox başqa məsələlər nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB