Baş nazir: "Azərbaycanda yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb" ƏLAVƏ OLUNUB
"Azərbaycanın ardıcıl islahatlara və sosial yönümlü proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir". SİA-nın xəbərinə görə, bunu Baş nazir Artur Rasizadə parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatını təqdim edərkən səsləndirib.
Baş nazirin sözlərinə görə, son 10 ildə iqtisadiyyatda yüksək nəticələr əldə olunub: "Belə ki, bu dövrdə ÜDM-in həcmi 3, 2 dəfə, sənayə məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sektoruna 15,3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artıb".
O, bildirib ki, yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb və 1 milyon 200 min yeni iş yeri açılıb: "Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlib, o cümlədən artım sosial yönümlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil edib".
Rasizadə həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilib: "Bu istiqamətdə atılan ən önəmli addımlardan biri dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN Xidmət" ətrafında qurulan fəaliyyətin gücləndirilməsi olub. Nəticədə dövlət xidmətlərinin keyfiyyəti əsaslı sürətli inkişaf edib. Eyni zamanda bu prosesdə şəffaflıq prinsipi tam şəkildə təmin edilib".
Artur Rasizadə deyib ki, hesabat ilində ÜDM-in real artımı 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım olub. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb olunub.
Onun sözlərinə görə, ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşüb: "İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınıb. Əhalinin gəlirləri 8 faiz artıb və onun adam başına düşən hissəsi 4 min manatı keçib, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb. Minimum əmək haqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılıb, ümumilikdə ölkə üzrə orta aylıq əmək haqqı 6,2 faiz artırılaraq 423 manata çatdırılıb".
"Hesabat dövründə dövlət büdcəsinin xərclərində sosial təminatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat olub. İlin sonuna 50 milyard ABŞ dolları məbləğinə çatdırılan və ÜDM-in təxminən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən amillərdən birinə çevrilib. Bu dövrdə əhalinin banklardakı əmanətləri 25,1 faiz artaraq 6 milyard 400 min manatı keçib" – deyə, A.Rasizadə fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB