Siyavuş Novruzov: "İlqar Məmmədov nə vaxt prezidentliyə namizədliyini vermişdi?!"
"ABŞ dövlət departamentinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı hazırladığı hesabatı diqqətlə oxuduqda görürük ki, 10 il bundan əvvəl nə yazılıbsa, indi də həmin məlumatlar yenidən dərc olunub. Hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı yalnız bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır. Orada qeyd edilib ki, Azərbyacanın Dağlıq Qarabağ və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub: "Məsələyə bu cür ikili standartlarla yanaşdıqda başqa yerdə də başqa hadisələr baş verir. Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı sui-qəsd törədildi. Bununla yanaşı, digər məlumatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın! İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. Bəs İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır".
Spiker Oqtay Əsədov isə millət vəkili S. Novruzovun səsləndirdiyi fikirlərə belə cavab verib: "Neynəmək olar ki, həmin qurumlar Azərbaycanı sevmirlər? Nə qədər problemlər həll olunsa da, onlar yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB