Gürcüstan Prezidenti Qəbələ konserv zavodunda olub

Gürcüstan Prezidenti Qəbələ konserv zavodunda olub

Fevralın 13-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olub.

Ali qonağa məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

Bildirilib ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilib. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasını təmin edir.

Prezident Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış "Tetra Pak" xəttində işin gedişi ilə tanış olub.

Sonda qonaq müəssisədə istehsal edilən məhsulların dadına baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə