Georgi Marqvelaşvili: “Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir”
"Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir. Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki, bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini verir". Bu fikirləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili onun şərəfinə verilmiş rəsmi ziyafətdə deyib.
Prezident bildirib ki, ölkələrimiz arasındakı əməkdaşlıq nəinki region, həm də bir çox xalqlar üçün nümunədir: "Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər dövlətlərin inkişafına real təminat verir. İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi vardır.
Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.
Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.
Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB