Nurəddin Mehdiyev: “Bu siyasət bir qrup gənc üçün hesablanmayıb” AÇIQLAMA

Nurəddin Mehdiyev: “Bu siyasət bir qrup gənc üçün hesablanmayıb” AÇIQLAMA

"Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bir qeyri-hökumət təşkilatıdır. Adından da bəlli olduğu kimi bu təşkilatlar ictimai qurum olaraq öz nizamnaməsi, mövqeyi, məqsəd və vəzifələri olan müstəqil təşkilatlardır. Bu mənada hesab edirəm ki, hansısa bir partiyanın nəzdində və həmin partiyanın liderlərinə xidmət edən QHT və gənclər təşkilatı ola bilməz". Bunu SİA-ya "Bizim Nəsil" Gənclərinin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev Azərbaycanda gənclərin təşkilatlanması istiqamətində görülən işlər barəsində fikirlərini bildirərkən deyib.

N.Mehdiyevin sözlərinə görə, heç kimə sirr deyil ki, Azərbaycan dövləti gənclər siyasətinin həyata keçirilməsini müəyyənləşdirir və müvafiq qurum olaraq Gənclər və İdman Nazirliyi də cənab Prezident İlham Əliyevin verdiyi sərəncamları, fərmanları, tapşırıqları və imzaladığı Dövlət Proqramından irəli gələn vəzifələri icra edir: "Bu baxımdan hesab edirəm ki, 1990-ci illərdən başlayaraq Azərbaycanda həyata keçirilən gənclər siyasəti digərlərinə örnək olmalıdır. Çünki bu, ölkəmizin gələcək inkişafına hesablanmış bir siyasətdir. Bununla belə ictimai sahədə də gənclərin fəallığı göz önündədir. Belə ki, bu gün Azərbaycanda mövcud olan QHT siyahısında 260-dan çox gənclər təşkilatları var. Bu təşkilatlar əksər məsələlərdə dövlətimizin və dövlətçiliyimizin yanındadır. Gənclərin təşkilatlanması istiqamətində Azərbaycan Gənclər və İdman Nazirliyi (sosial problemlərin, müxtəlif layihələrin həllində, xaricdə Azərbaycan həqiqətlərinin təbliğatında və s.) xüsusi əhəmiyyətli işlər görür".

Təşkilat sədri müxalifətin gənclər siyasətinə də diqqəti çəkərək deyib ki, ümumiyyətlə, bütün dünyada olduğu kimi, hər bir siyasi partiyanın gənclər qolu, qanadı olmalıdır: "Təbii ki, bu, normal qəbul olunur. Lakin gənclər qanadı müxtəlif xarici dövlətlərin təsirləri altında qeyri-qanuni, qeyri-leqal və müxtəlif QHT təşkilatları vasitəsilə formalaşan, qrantlar hesabına fəaliyyət göstərirsə, bu, düzgün addım sayılmır. Yəni, hər bir təşkilat kimi partiyaların gənclər təşkilatları öz fəaliyyətini şəffaflıq əsasında qurmalıdır və təkliflərini verməlidir. Ümumiyyətlə, dövlətin gənclər siyasəti Azərbaycanda bütün insanları və gəncləri əhatə edir. Bu siyasət bir qrup gənc üçün hesablanmayıb. Bu siyasət nəticəsində Azərbaycanın 23 bölgəsində Gənclər Mərkəzləri tikilib istifadəyə verilib. Amma çox təəssüflər olsun ki, müxalifət buna qərəzli yanaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə