Araz Əlizadə: “Onlar arasında dava ancaq pul davasıdır” MÜSAHİBƏ

Araz Əlizadə: “Onlar arasında dava ancaq pul davasıdır” MÜSAHİBƏ

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin SİA-ya müsahibəsi

- Son zamanlar gündəmdə olan məsələlərdən biri AXCP - Müsavat qarşıdrumasıdır. Vaxtilə müttəfiq olan partiyaların bu gün düşmən olmasının səbəbini nədə görürsünüz?

- Hər iki partiyanın üzvləri Azərbaycan Xalq Cəbnəsinin şinelindən çıxıblar. O zaman bu qurumu yaradanlar dempokratik ruhlu insanlar idi. Lakin məsələ təsis konfransına gəlib çatdıqda hər şey tamamilə başqa cür oldu və AXC-nin bünövrəsi əyri qoyuldu. Mən deyərdim ki, AXCP bic doğuldu. O zamandan başlayaraq səhnə arxası mübarizələr gedirdi. Biclik davam edirdi. Bunların nəticəsi 20 Yanvar, dövlət çevrilişinə gətirib çıxardı. Daha sonra parçalanmalar baş verdi və müxtəlif partiyalar yaranmağa başladı. Bu insanlar nəyə görə ayrıldılar, əqidəyəmi görə? Xeyr. Əgər onlar birlik istəsəydilər o zaman parçalanmazdılar. Onlar heç bir zaman birləşə bilmədilər. Ona görə ki, onların ambisiyaları siyasi savadlarından üstündür. "Milli Şura"nın yaradılması da onların qəlbindən gələn şey deyildi. Bu xaricdəki himayədarlarının istəyi idi. Ona görə də əvvəlcədən Rüstəm İbrahimbyovu, daha sonra isə seçkilərdə heç bir şansı olmayan Cəmil Həsənlinin namizədliyini irəli sürdülər. Onlar bunu pula görə etdilər. Nə Əli Kərimli, nə də İsa Qəmbər etiraf etmirlər ki, seçkilərdə məğlub olublar. Lakin 9 partiya və 100-ə yaxın QHT-nin birləşərək seçkidə bu cür zəif nəticə göstəməsi, onların tam məğlubiyyəti deməkdir. Deyilənlərə görə, radikal müxalifətə Milli Demokratiya İnstitutunun nümayəndəsi koordinatorluq edir. Çox güman ki, onlara maliyyə xarici ölkələrdən gəlir. Bir var ki, pul bütöv şəkildə bir partiyaya qismət olsun, bir də var ki, 3 yerə bölünsün. Onlar arasında dava ancaq pul davasıdır. Burada əqidə davası yoxdur.

- Bəzi ekspertlər bildirirlər ki, guya Müsavat Partiyasının toplumdan ayrılmasına səbəb xarici qüvvələrin "Milli Şura" vasitəsilə Azərbaycanda hansısa aktların törədiləcəyi ilə bağlı məlumata malik olmasıdır. Guya Müsavat proseslərdə iştirak etməmək üçün toplumdan ayrılıb. Siz bu haqda nə düşünürsünüz?

- O zaman Bakıda iğtişaşlar hazırlanırdı. İsa isə hələ Şərqşünaslıq İnstitutunda kiçik bir elmi işçi idi. 12 ilə bir məqalə yaza bilməmişdi. Biz onun yanına getdik və söylədik ki, ölkədə qırğınlar hazırlanır onun qarşısı alınmalıdır. Onun bizə qəribə bir cavabı oldu. Bildirdi ki, mənim siyasətdə ən azı 30 il ömrüm var, bir qırğına görə öz karyeramı puça verə bilmərəm. İndi deyin görüm belə bir insan hansısa akta görə "Milli Şura"dan ayrıla bilərmi? Hansı iğtişaşlar olub ki, orada İsa Qəmbər iştirak etməsin. İstər AXC, istərsə də Müsavatda olarkən. Bu partiyalardan olan gəncləri də məhz iğtişaşlara görə tuturlar.

- Bəzi fikirlər var ki, Müsavat "Milli Şura"da Əli Kərimlinin daha üstün olduğunu görüb və ona görə bu qurumu tərk edib. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Xeyr, bu belə deyil. O qurumdan ya Əli Kərimli, ya da İsa qaçacaqdı. İsa ondan zirək çıxaraq daha tez qaçdı. Burda başqa bir fakt yoxdur.

- Sizcə, radikal müxalifətdə gedən qarşıdurmalarda müxalifət mətbuatının nə kimi rolu var?

- Müxalifət mətbuatı qara piarla məşğuldur. Onlar yalnız şər, böhtan, lənət xarakterli yazılar dərc edirlər. Ciddi insan mənə elə gəlir ki, o qəzetləri oxumaz. Lakin dünyada bulvar qəzeti anlayışı var ki, həmin qəzetlərdə çox vaxt olmayanlar əks olunur. Müxalifət mətbuatı da həmin qəztlərlə müqayisə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə