“Həmsədrlər ermənilərlə həmrəy fəaliyyət göstərir” AÇIQLAMA

“Həmsədrlər ermənilərlə həmrəy fəaliyyət göstərir” AÇIQLAMA

Ermənistan mütəmadi olaraq ölkəmizə qarşı təxribat xarakterli addımlar atır. Bu addımlardan biri də ötən gün Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayması idi. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanat yayaraq bildirdi ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır. SİA düşmən ölkənin ölkəmizə qarşı bu cür addımlar atması ilə bağlı millət vəkillərinin fikrini öyrənib.

Fazil Mustafa: "Ermənistan bu cür addımlar atmaqla öz siyasi məqsədlərini həyata keçirmək istəyir. Biz bu cür addımlara hər zaman hazır olmalıyıq. İstənilən təxribat, proseslərin gərginləşməsi bizim ziyanımızadır. Çünki, bizim ərazimiz işğal altındadır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində bu kimi halların aktivləşməsində Rusiya faktorunun istədiyi bir formula ola bilər. Bu məsələləri ciddi təhlil edərək, proseslərə hazır olmalıyıq. Ermənistanın bu cür addımlar ataraq danışıqları pozmaq istəməsinin heç bir mənası yoxdur. Ona görə ki, ortada ciddi bir nəticəyə varan danışıqlar da yoxdur. Ermənistan Azərbaycana təxribat xarakterli addımlar atmaqla ölkəmizi qorxu içərisində saxlamaq, diqqəti işğal olunmuş ərazilərdən yayındırmağa çalışır. Onlar bu cür vasitələrdən istifadə edib bildirmək istəyirlər ki, guya Azərbaycan tərəfindən onlara təzyiq var və onlar buna cavab verirlər. Biz bu cür adımlara qarşı öz hazırlığımızı gücləndirməliyik. Torpaqlarımızı azad etmək üçün bütün yolları düşünməliyik. ATƏT-in Minsk qrupu ermənilərlə həmrəy fəaliyyət göstərir. Onların fəaliyyətində və düşüncəsində hələlik heç bir dəyişiklik yoxdur. Ona görə də ATƏT-ə etibar etməməliyik".

Fəzail Ağamalı: "Ermənistan hər gün dayanmadan atəşkəs rejimini pozur. Onların əsas məqsədi status-kvo vəziyyətini saxlamaq, Azərbaycanı provakasiyaya çəkmək, ölkəmizi genişmiqyaslı döyüşə cəlb etməkdir. Bu, Ermənistan siyasətinin oturuşmuş ifadəsidir. Ermənistana qarşı mənim münasibətim birmənalıdır. Biz hazırlaşıb müharibəyə getməliyik. ATƏT-in Minsk qrupu məsələyə müdaxilə etmək gücünə malik olsa da, bunu etmir. Onlar ancaq bəyanat verməklə kifayətlənmiş olurlar. Ermənistanın aqressiv və təcüvüzkarlığında həmsədrlərin böyük rolu var. Əgər onlar Ermənistana işğalçı dövlət kimi münasibət göstərsə, sanksiyalar tətbiq etsə, qəbul olunan qətnamələri yerinə yetirməyə məcbur etsəydilər, vəziyyət bu dərəcəyə gəlib çıxmazdı. Minsk qrupunun həmsədrləri Ermənistanın təcavüzkar siyasətinin davam etməsində kifayət qədər rola malikdir. 22 ildir ki, vəziyyət bu şəkildə davam edir. Buna son qoyulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə