Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümünə hazırlıq işləri başa çatır REPORTAJ
Bakıda hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. 1990-cı il yanvarın 20-də artıq Qanlı faciənin 24-cü ildönümü qeyd ediləcək. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Həmin hadisə ilə bağlı artıq Şəhidlər Xiyabanında son hazırlıq tamamlanma işləri görülür. Belə ki, faciənin 24-cü ildönümündə Şəhidlər Xiyabanının qarşısında gül ekspozisiyası hazırlanıb. Bu il də xiyabanın giriş hissəsində xüsusi ekspozisiya qurulacaq. Builki kompozisiyada şamın ətrafını qərənfillərdən hazırlanmış buta ornamenti bəzəyəcək. Xiyabanın girişində 300 kvadratmetrlik sahədə əks etdirilən kompozisiyanı qərənfillərdən ibarət 20 Yanvar sözləri tamamlayacaq. Xiyabanın pilləkənlərində isə güllərdən şam, Azərbaycan bayrağı və xüsusi ornamentlər hazırlanacaq. Bununla yanaşı, Şəhidlər Xiyabanının əsas hərəkət hissəsi qərənfillərlə bəzədiləcək.
Hazırlıq işləri çərçivəsində xiyabanın ətrafı təmizlənir, təmir və abadlıq işləri görülür, mərmər üzlüklər salınır.
20 yanvar faciəsinin ildönümünə bir neçə gün qalmasına baxmayaraq, artıq Şəhidlər Xiyabanını ziyarət edənlər də var.
Sabunçu rayon 170 saylı orta məktəbin müəllimi Pərnisa Hüseynova: "Biz orta məktəb şagirdlərini mütəmadi olaraq vətənpərvər ruhda tərbiyə edirik. 20 Yanvar hadisələrini dəhşətli formada xatırlayırıq. Çünki həmin hadisələr zamanı mənim özüm də uşaq idim. O anlar indinin özündə də gözlərimin önündən getmir".
.jpg)
"20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə: "Qanlı faciə ilə əlaqədar orta ümumtəhsil məktəblərində, Ali təhsil ocaqlarında şagird və tələbələrlə görüşlər təşkil ediləcək. Biz bir növ 20 yanvar hadisələrinin təbliği ilə məşğul oluruq. Cəmiyyətin əsas fəaliyyəti 20 Yanvar hadisələrinin təbliği eyni zamanda bu hadisələr zamanı şəhid olmuş insanların ailə üzvlərinə, əlillərin sosial problemlərinin həllində onlara yardım etməkdir".
S. Əzimzadə bildirib ki, 200 ildən artıq idi ki, Azərbaycan torpaqları Rusiya imperiyasının əsarəti altında idi. Müəyyən zamandan sonra isə Azərbaycan xalqı zaman-zaman öz azadlıq mübarizəsinə qalxdı. 1990-ci ildə baş verən hadisələr isə 1988-ci ildən cərəyan edən hadisələrin kuliminasiya nöqtəsi idi. Ölkə xalqı bununla bir daha sübut etdi ki, o öz azadlığına qovuşmağa layiqdir. Sonradan isə məlum oldu ki, Gürcüstanda, Azərbaycanda və Pribaltika ölkələrində baş verən hadisələr Sovetlər İttifaqının onurğa sütununu sındırdı. Bununla da Sovet İttifaqının dağılmasının təməli qoyuldu. Bu mübarizə nəticəsində Azərbaycan dövləti ilə yanaşı, Sovetlər İttifaqında olan qeyri-millətlər də öz müstəqilliyinə qovuşdu".
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamı əsasında Səbail rayon İcra Hakimiyyəti tərəfindən də müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulub. Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov deyib ki, yanvarın 16-18-də Səbail rayonunun tədris müəssisələrində Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçiriləcək:

"Bununla belə həmin ərəfədə Səbail rayonunun ali təhsil müəssisələrində rayon rəhbərliyi, idarə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş ədəbi-bədii tədbirlər, konfrans və dəyirmi masalar təşkil ediləcək. Eləcə də 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş olacaq və onlara humanitar yardım göstəriləcək. Yanvarın 19-da "Şəhidlər Xiyabanı" ərazisində təmizlik və abadlıq işləri aparılacaq".
İ. Kərimov qeyd edib ki, yanvarın 20-də Səbail rayon İcra hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunacaq. Bundan sonra isə rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq, ehsanlar veriləcək".
Qeyd edək ki, təsdiqlənən tədbirlər planına əsasən, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12:00-da isə bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi nəzərdə tutulub.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB