Jalə Əliyeva: “Bəlli olmayan məqamların açılacağına şübhəmiz yoxdur”

Jalə Əliyeva: “Bəlli olmayan məqamların açılacağına şübhəmiz yoxdur”

"Azərbaycan xalqı öz müqəddaratını həll etmək uğrunda başladığı mübarizənin məntiqi nəticəsini 20 Yanvar günü göstərdi. Bu hadisələrin bir çox şahidləri hazırda aramızdadır. O günü biz tarix səhifələrindən öyrənmirik, öz yaddaşımızda canlı tuturuq". Bu fikirləri SİA-ya millət vəkili Jalə Əliyeva söyləyib.

Onun sözlərinə görə, həmin gün xalq azadlıq mübarizəsinə qalxaraq əzmkarlığını sübut etdi: "Bu tarix Azərbaycanın qəhrəmanlıq tarixidir, Azərbaycanın qürur səhifəsidir. 1990-cı ildən bu yana həmin tarixi qürurla qeyd edirik. O zaman Ümummili Lider Heydər Əliyevin bütün təhriklərə, təhdidlərə və xəbərdarlıqlara baxmayaraq həmin günlərdə Azərbaycanın Moskvadakı təmsilçiliyinə getməsi, Rusiyada bizim hüquqlarımızı müdafiə etməsi, ölkəmizin başına açılan müsibətləri dünyaya çatdırması hər bir azərbaycanlı üçün fərəhvericidir. Ona görə ki, Ulu Öndər bizə meydanda tək qalmadığımızı hiss etdirdi".

Millət vəkili onu da qeyd edib ki, o zaman dövlətin başında dayananlar, əliyalın insanları aldadaraq küçələrə, tankların qarşısına çıxaranlar qaçıb gizlənmişdilər: "Amma Azərbaycandan kilometrlərlə uzaqda olan Ulu Öndər bizim göz yaşlarımızı silməyi bacardı. Düzgün yolu göstərdi xalqa. Biz inanırıq ki, yaxın zamanda bu faciəni törədənlər öz cəzalarını tapacaqlar. Bəlli olmayan məqamların açılacağına şübhəmiz yoxdur".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə