Aydın Hüseynov: “Görülən bütün işlərin kökündə dövlətin milli maraqları və Azərbaycan xalqının mənafeyi dayanır” MÜSAHİBƏ

Aydın Hüseynov: “Görülən bütün işlərin kökündə dövlətin milli maraqları və Azərbaycan xalqının mənafeyi dayanır” MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SİA-ya müsahibəsi:

- Aydın müəllim, bildiyimiz kimi cənab Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda bütün sahələrdəki uğurlar vurğulanıb. Sizcə, bu uğurlar konteksində Azərbaycan daha nələrə nail olub?

- Ümumilikdə, 2013-cü il Azərbaycan dövləti, xalqı üçün uğurlu il oldu. Həm iqtisadi, həm siyasi baxımdan yaddaqalan il kimi tarixə daxil oldu. Makroiqtisadi göstəricilərə nəzər salsaq görərik ki, ÜDM 57 milyard manat, ölkənin dövlət büdcəsinin xərc hissəsi 19 milyard 494 milyon manat oldu. İnflyasiyanın səviyyəsi 2 və ya 3 faizi keçmədi. Əmək haqları və müavinətlərin baza hissəsi artırıldı. Əmək haqlarının artırılması üç milyona qədər insanı əhatə etdi ki, bu da bütün sahələrdə çalışan insanlara şamil edildi. Konkret olaraq təhsil, səhiyyə, mədəniyyət və ümumiyyətlə dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının artımı üçün büdcədən 600 milyon manata qədər vəsait ayrıldı. Orta aylıq əmək haqqı 420 manat təşkil edildi. Məhz bunun nəticəsində əhalinin pul gəlirləri artdı. Pul gəlirlərinin artması ilə də əmanət qoyuluşları da çoxaldı.

2013-cü il - "İKT ili" çərçivəsində ölkəmiz ilk telekommunikasiya peykini orbitə çıxardı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Peykimizin orbitə çıxarılması bizim gələcəkdə bu sahədə əldə olunacaq nailiyyətlərimizin əsasını qoymuş oldu.

TAP layihəsinin təsdiq olunması ilə daha bir uğurlu layihənin başlanğıcı qoyuldu. Bu iri layihə olmaqla Avropanın təbii qazla təchizatında müstəsna rol oynayacaq. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan 70 faizə qədər layihənin reallaşması üçün investisiya qoydu. Cənab Prezidentin vurğuladığı kimi 2013-cü ildə XXI əsrin müqaviləsi "Şahdəniz-2" imzalandı. Bu layihə Avropanın iqtisadi coğrafiyasına böyük təsir göstərdi.

2013-cü ildə görülən bütün işlər Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etdi. Artıq Azərbaycanın özünəməxsus iqtisadi modeli formalaşıb.

- Qeyd etdiniz ki, "Şahdəniz-2" bütün layihələrin ən əhəmiyyətlisidir. Ümumiyyətlə, imzalanan bütün sazişlər ölkəmizə daha hansı dividentləri gətirəcək?

- TAP, TANAP, "Şahdəniz-2" irimiqyaslı layihələr birmənalı olaraq cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin ardıcıl iqtisadi strategiyasının təntənəsidir. Prezident İlham Əliyevə məxsus olan şəxsi keyfiyyətlər fonunda ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Avropanın uzun müddət təbii qazla və enerji ilə təchiz olunması üçün bu layihələr əvəzsizdir. Bütün bu layihələrin təkanvericisi məhz Azərbaycandır. İlkin proqnozlara görə "Şahdəniz-2" layihəsindən ölkəmizə 200 milyard vəsaitin daxil olacağı gözlənilir. Görülən bütün işlərin kökündə dövlətin milli maraqları, Azərbaycan xalqının mənafeyi dayanır.

- 2013-cü ildə ölkə iqtisadiyyatına 28 milyard dollar investisya qoyulub ki, bu da rekord göstəricidir. Məhz, bu amili özəl sahədə fəaliyyət göstərən şirkətlərin Azərbaycan dövlətinə olan inamının göstəricisi hesab etmək olarmı?

- Qoyulan investisiyanın 10 milyarddan çoxu xarici şirkətlərin payına düşür. Hər hansı bir xarici investor öz vəsaitini hansısa ölkəyə yatırırsa, əvvəlcədən oradan nə qədər gəlir əldə edəcəyini proqnozlaşdırır. İnvestisya qoyulan ölkənin ilk öncə stabilliyi nəzərə alınır. Bu baxımdan, ölkəmizin inamlı, etibarlı olması investorları daha çox cəlb edir. Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi tanınır. Ölkəmizdə Davos İqtisadi Formunun və bu kimi beynəlxalq tədbirlərin keçirilməsi ilə böyük sərmayədarlar buraya dəvət olunur və Azərbaycandakı inkişafla yaxından tanış olurlar. Biznes mühiti üçün nə qədər münbit şəraitin olmasından məmnunluq duyduqlarını dilə gətirirlər.

Ümumiyyətlə, dünyada iqtisadi böhranın təsirlərinin tam aradan qaldırılmadığı bir dövrdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər dinamik inkişafla müşahidə edilməkdədir. Son 10 ildə ölkədə gedən iqtisadi proseslər çox düzgün şəkildə proqnozlaşdırılır. Çünki elmi əsaslara, təhlillərə söykənərək proqnozlar verilir. ÜDM hər il 6% artarsa 2020-ci ildə bu vəsait 100 milyarda çatacaq. ÜDM və valyuta ehtiyatlarındakı artım iqtisadi qüdrətimizin göstəricisidir. Azərbaycanın gələcəkdə yüksək gəlirli ölkələr sırasına daxil olması gözlənilir.

- Cənab Prezident 2014-cü ili "Sənaye ili" elan edib. "Sənaye ili" çərçivəsində daha hansı nailiyyətlər əldə edəcəyik?

- Sovet dönəmində Ulu öndər Heydər Əliyev ölkəmizi aqrar ölkədən sənaye ölkəsinə çevirdi. Bu baza üzərində də ölkəni sənaye ölkəsinə çevirmək məqsədəuyğundur. Ölkədə aparılan iqtisadi siyasətin əsas məqsədi ölkə iqtisadiyyatının neft və qaz amilindən asıllığını minimuma endirmək, qeyri-neft sektorunu daha da inkişaf etdirməkdir. Bu il ÜDM-in tərkibində qeyri-neft sektorunun həcmi 9,8 faizə artıb və qeyri-neft sektorunda isə sənaye xüsusi yer tutur. Bu da ona gətirib çıxarıb ki, "Sənaye ili" çərçivəsində daha da geniş, daha əhatəli işlər görüləcək.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə