Hürrü Əliyev: "2003-cü ildən üzü bu yana AXCP və Müsavat liderləri ortaq mövqedən çıxış edə bilmirlər"

Hürrü Əliyev: "2003-cü ildən üzü bu yana AXCP və Müsavat liderləri ortaq mövqedən çıxış edə bilmirlər"

"Ənənəvi müxalifətdə Milli Şura kimi yaranan birliklər uzun müddət mövcudluğunu qoruyub saxlaya bilmirlər". SİA xəbər verir ki, Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) sədri Hürrü Əliyev adıçəkilən qurumda baş verən qarşıdurmalara münasibətini açıqlayarkən belə qənaətə gəlib.

Partiya sədrinin fikrincə, Milli Şuraya toplaşan təşkilatların ideoloji baxışları da üst-üstə düşməyib: "Milli Şurada bir-birinə qarşı zidd olan qüvvələr toplanmışdı. İdeoloji baxımdan da onların bir qurumda fəaliyyət göstərməsi mümkünsüz idi. Oradakı hər bir partiyanın, eləcə də liderlərin məqsədi hakimiyyətdə təmsil olunmaq, müəyyən postlara yiyələnməkdir. Ona görə də, radikal müxalifət liderlərinə sırf seçki ərəfəsində yaranan Milli Şura və ona bənzər birliklər cazibədar görünür. Lakin seçki prosesi başa çatar-çatmaz bu birliklər də ömrünü başa vururlar".

Hürrü Əliyev onu da qeyd edib ki, Milli Şurada təmsil olunan partiya və hərəkatların heç biri milli maraqlar uğrunda mübarizəni qarşısına məqsəd qoymayıb: "Belə ki, Milli Şurada da əvvəl-əvvəl radikal müxalifətdə ad çıxaran liderlər bir araya gəldilər. Pafoslu bəyanatlar verib, guya ki, geniş ictimaiyyətin tələbi əsasında birləşdiklərini bildirdilər. Ancaq az keçməmiş bu müttəfiqlər arasında narazılıq, fikir ayrılığı, qarşıdurma adi hala çevrildi. Müxalifət liderləri bir-birinin ardınca qurumu tərk etdilər. Son olaraq da Müsavat Partiyası Milli Şuradan çıxdı. Bu, gözlənilən idi. Çünki 2003-cü ildən üzü bu yana AXCP ilə Müsavat liderləri heç bir halda ortaq mövqedən çıxış edə bilmirlər. 20 ildir tabeliklərindəki partiyanı, müxalifəti monopoliyada saxlayan bu liderlər imkan vermirlər ki, siyasətə yeni nəfəs, yeni sima gəlsin".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə