“Səs” qəzeti 23 yaşını qeyd edib TƏBRİKLƏR

“Səs” qəzeti 23 yaşını qeyd edib TƏBRİKLƏR

Yanvarın 11-də müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan "Səs" qəzetinin 23 yaşı tamam olacaq. "Səs" qəzeti 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayıb. Həmin illərdə hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırımı təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Məhz bu ağır sosial-iqtisadi durum fonunda mətbuata qarşı da güclü senzura var idi. Belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması inanılmaz bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu məsuliyyəti üzərlərinə götürdülər. Beləliklə, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı. Beləcə, hər il olduğu kimi bu gün də "Səs"çilər qəzetin yaranma tarixini böyük sevinc və iftixar hissi ilə qeyd edirlər. Bununla əlaqədar bu gün SƏS Media Qrupu tədbir keçirib.

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev tədbiri açaraq bildirib ki, 1990-1993-cü illərdə sırf siyasi-ideloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi: "Çünki həm o dövrkü hakimiyyət tərəfindən, həm də AXC-Müsavat cütlüyünün siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərlərinə götürdülər.

1992-ci ilin oktyabrın 16-da "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin cavab məktubu məhz "Səs" qəzetində dərc olundu. Bununla da qəzet özünü Azərbaycanın mətbuat tarixinə qızıl həriflərlə həkk etdirdi və müstəqillik tariximizdə öz yerini müəyyənləşdirdi. Qeyd edək ki, həmin dövrdə heç də bütün qəzetlər Ümummilli lider Heydər Əliyevin fikirlərini, ideyalarını öz səhifələrində çap edə bilmirdi. Hətta Naxçıvanda Ulu Öndərin keçirdiyi tədbirləri, verdiyi tapşırıqları heç kim cürət edib mətbuatda işıqlandırmırdı. Məhz belə bir dövrdə bu məsuliyyəti "Səs" qəzeti öz üzərinə götürdü. Bir sözlə "Səs"in tarixi zəngindir".

Vurğulanıb ki, "Səs" qəzetinə 13 il baş redaktor kimi Ağabəy Əsgərov rəhbərlik edib: "Səs" qəzeti onun rəhbərliyi altında uzun müddət əsl mübarizə yolu keçib, böyük uğurlara imza atıb. Belə ki, Azərbaycanın daxilində və ölkədən kənarda baş verən hadisələr operativ şəkildə qəzet vasitəsilə oxucu kütləsinə çatdırılıb. Eyni zamanda "Səs"in spesifik xüsusiyyəti ondan ibarətdir ki, qəzet müxalif qruplara, müxalifət mətbuatına və müxalifət fikirli insanlara tutarlı arqumentləri ilə layiqli cavab verib. Qəzet həmin ənənəni, kursu bu gündə də saxlayır və davam etdirir".

B.Quliyev deyib ki, Ümummilli lider Heydər Əliyev "Səs" qəzetinə "Mənim əziz qəzetim" və "Səs" mənim üçün ən əziz qəzetdir" deməklə bunu öz imzası ilə tarixə yazıb: "Qəzetdə müxtəlif vaxtlarda həm dəyirmi masalar, həm də regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən tədbirlər işıqlandırılıb. Bir sözlə "Səs" qəzetinin redaksiyasında ölkəmizdə baş verən ən aktual məsələlər müzakirə olunub, qəzetin səhifələrində dərc edilib. Məhz buna görə də qəzetimiz ölkədə çap olunan digər qəzetlərdən fərqlidir".

"Səs" Media Qrupun rəhbəri diqqətə çatdırıb ki, bizi ruhlandıran amillərdən biri də "Səs" qəzetinin 20 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin "Səs"çilərə təbriki oldu: "Həmin təbrikdə də "Səs" qəzeti Ümummilli lider Heydər Əliyevin sevdiyi qəzet kimi xarakterizə olunurdu. Eyni zamanda yubiley tədbirində cənab Prezident İlham Əliyev tərəfindən "Səs"in kollektivinə ünvanlanmış təbrik məktubu oxundu. Xüsusilə bizi sevindirən amillərdən biri də cənab Prezidentin imzaladığı sərəncamla "Səs" qəzetinin əməkdaşlarının mükafatlandırılması idi. Qəzetin 20 illiyində ən böyük təbriki elə dövlət başçısı etdi. Bu, təkcə 5 nəfərin mükafatı deyildi. Ümumilikdə bu, "Səs"çilərə, kollektivə, "Səs" ailəsinə verilən mükafat idi. Dövlət başçısı bu mükafatla göstərdi ki, qəzet öz fəaliyyətində, əqidəsində, mövqeyində düzdür və düz yolu tutub".

Bildirilib ki, Əlincə Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış qəzet bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ideyalarını təbliğ edir: "2008-ci ilin avqustunda bu nəşrə tabe olan "Səs" İnformasiya Agentliyi də fəaliyyət göstərir. Qəzetin həmçinin üç ildir Səs İnternet televiziyası fəaliyyət göstərir".

B.Quliyev xüsusilə qeyd edib ki, 2013-cü il SƏS Media qrupunun həyatında daha maraqlı və uğurlu oldu: "Belə ki, bu ilin iyul ayının 22-də Azərbaycan Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümündə cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla "SƏS" Media Qrupunun 6 əməkdaşı mənzillə təmin olundu".

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ YAP-ın 10 illik yubileyindəki çıxışında "Səs" qəzetini Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə edərək demişdi: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu, "Səs" qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş qəzetdir".

Digər çıxışçılar da "Səs" qəzetinin milli mətbuatımızın inkişafında rolundan danışıblar, kollektivə təbriklərini çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə