“2014-cü ildə Ermənistan tərəfinin münaqişənin həlli ilə bağlı pozitiv addım atması olduqca aşağı səviyyədədir” AÇIQLAMA

“2014-cü ildə Ermənistan tərəfinin münaqişənin həlli ilə bağlı pozitiv addım atması olduqca aşağı səviyyədədir” AÇIQLAMA

"Son dövrlər ATƏT-in Minsk qrupunun fəaliyyətində intensivlik diqqəti cəlb edir. Lakin bu intensivlik yalnız kəmiyyətdə özünü göstərir, keyfiyyətə gəldikdə burada intensiv olduqlarını söyləyə bilmərik". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, ötən il ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan Ermənistan prezidentlərinin Vyanada görüşünün təşkil edilməsi, onların dekabr ayında regiona səfər etmələri kəmiyyət intensivliyinin göstəriciləridir.

Həmsədrlərin cari ilin yanvar ayının sonlarında yenidən ölkəmizə səfər edəcəklərini xatırladan politoloq vurğulayıb ki, səfər çərçivəsində həmsədrlərin əsas hədəfi prezidentlər arasında növbəti görüş təşkil etməkdir: "Bütün bunlara baxdıqda onların fəaliyyətində intensivliyi görmək olur. Lakin bunlar daha çox kəmiyyət ölçüsü kimi diqqəti cəlb edir. Keyfiyyət dəyişikliyi ilə bağlı məsələdə nikbin olmaq çox çətindir. Çox təəssüf ki, 2014-cü ildə Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv addım atması ehtimalı aşağı səviyyədədir. Ona görə ki, bu il Ermənistan tərəfi qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı ciddi tədbirlərə hazırlaşır. Cari il birinci dünya müharibəsinin başlanmasının 100 ili tamam olur. Erməni tərəfi hesab edir ki, qondarma "erməni soyqırımı" da birinci dünya müharibəsində başladığından 2014-cü il bu sahədə ciddi tədbirlərlə yadda qalmalıdır. Bu səbəbdən də cari ildə erməni tərəfindən heç bir halda güzəşt və kompramis gözləmək mümkün deyil. Ən azı onların mövqeyi belədir. Münaqişənin həlli istiqamətində düşmən tərəfindən nə 2014, nə də 2015-ci il pozitiv mövqe gözləmək baxımından elə də uğurlu hesab edilə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə