Səs İnformasiya Agentliyinin 5, SəsTV-nin 3 yaşı tamam oldu REPORTAJ - FOTOSESSİYA
Bu gün 30 dekabr – Səs İnformasiya Agentliyinin (SİA) 5 və Səs İnternet Televiziyasının 3 yaşı tamam olur. 2008-ci ildə fəaliyyətə başlayan SİA-nın yaranmasının 5 illiyini qeyd edən kollektiv bu günü böyük həyəcan və sevinclə qarşılayır. Və əlbəttə ki, kollektivin sevinci yaşamağa haqqı var. Çünki bu müddət ərzində agentlik və TV böyük inkişaf yolu keçib. Hələ o vaxt təqribən 3-5 əməkdaşla ilk qədəmlərini atmağa başlayan SİA-da indi 50-dən artıq təcrübəli və bacarıqlı jurnalist çalışır. Əksəriyyətini gənclər təşkil edən kollektiv daha böyük zirvələri fəth emək ümidi ilə bu gün də böyük səy və həvəslə çalışır. Əlbəttə bütün bu uğurlar əbəs deyil. Qarşıda agentliyi və Səs TV-ni çətin və məsuliyyətli anlar gözləyir. "SƏS" Media Qrupunun rəhbərliyinin qətiyyəti, işçilərin səyi nəticəsində bu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir.
"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev: "SİA-nın 5 illik tarixinə nəzər salmaqdan öncə "SƏS" qəzetinin tarixindən danışmaq lazımdır. Çünki "SƏS" qəzeti 1991-ci ildə ölkədə hökm sürən ən ağır bir şəraitdə fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda baş verən siyasi proseslər ölkəni bir növ uçuruma aparırdı. AXC-Müsavat hakimiyyəti dövründə ölkədə xaos, anarxiya hökm sürürdü. Məhz belə bir dövrdə sağlam fikri, sağlam ideyanı xalqa və oxucu kütləsinə çatdırmaq çox çətin idi. Hətta deyərdim ki, bu işi görmək igidlik tələb edirdi. Ona görə də "SƏS" qəzetinin fəaliyyətə başlamasını sıradan bir hadisə hesab etmək olmaz. Nəhayət, bu çətinliklərə baxmayaraq "SƏS" qəzeti qeydiyyatdan keçdi, sağlam fikri, ölkədə baş verən hadisələri qərəzsiz, obyektiv olaraq öz oxucusuna çatdırdı. O dövrdə "SƏS" qəzeti 30-35 min tirajla nəşr olunurdu. 1992-ci ilin oktyabrın 16-da "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin cavab məktubu məhz "SƏS" qəzetində dərc olundu. Bununla da qəzet özünü Azərbaycanın mətbuat tarixinə qızıl həriflərlə həkk etdirdi və müstəqillik tariximizdə öz yerini müəyyənləşdirdi. Qeyd edək ki, həmin dövrdə heç də bütün qəzetlər Ümummilli lider Heydər Əliyevin fikirlərini, ideyalarını öz səhifələrində çap edə bilmirdi. Hətta Naxçıvanda Ulu Öndərin keçirdiyi tədbirləri, verdiyi tapşırıqları heç kim cürət edib mətbuatda işıqlandırmırdı. Məhz belə bir dövrdə bu məsuliyyəti "SƏS" qəzeti öz üzərinə götürdü. Bir sözlə "SƏS"in tarixi zəngindir.
Qəzet müstəqil Azərbaycanımızın tarixi ilə eyni dövrə təsadüf edir
"SƏS" qəzetinin yaşı müstəqil Azərbaycandan da bir neçə ay çoxdur. Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə aparan, meydanda cəsarətlə döyüşən "SƏS" qəzeti eyni zamanda azərbaycançılıq ideyasının geniş oxucu kütləsinə çatdırılmasında təqdirəlayiq fəaliyyət göstərib. "SƏS" qəzeti Ağabəy Əsgərovun rəhbərliyi altında uzun müddət əsl mübarizə yolu keçib, böyük uğurlara imza atıb. Belə ki, Azərbaycanın daxilində və ölkədən kənarda baş verən hadisələr operativ şəkildə qəzet vasitəsilə oxucu kütləsinə çatdırılıb. Eyni zamanda "SƏS"in spesifik xüsusiyyəti ondan ibarətdir ki, qəzet müxalif qruplara, müxalifət mətbuatına və müxalifət fikirli insanlara tutarlı arqumentləri ilə layiqli cavab verib. Qəzet həmin ənənəni, kursu bu gündə də saxlayır və davam etdirir. "SƏS"in tarixi, ictimai-siyasi qəzet kimi fəaliyyətində bir spesifiklik var. Çünki "SƏS" qəzeti həm də siyasi mübarizə aparan, əqidəli və mövqeli qəzetdir.
Ümummilli lider Heydər Əliyev "SƏS" qəzetinə "Mənim əziz qəzetim" və "SƏS mənim üçün ən əziz qəzetdir" deməklə bunu öz imzası ilə tarixə yazıb. Qəzetdə müxtəlif vaxtlarda həm dəyirmi masalar, həm də regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən tədbirlər işıqlandırılıb. Bir sözlə "SƏS" qəzetinin redaksiyasında ölkəmizdə baş verən ən aktual məsələlər müzakirə olunub, qəzetin səhifələrində dərc edilib. Məhz buna görə də qəzetimiz ölkədə çap olunan digər qəzetlərdən fərqlidir. Qəzetimizin öz ənənəsi, öz yolu var. Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Bu həm zəhmət, əziyyət, həm də siyasi əqidə, mövqe tələb edilən yoldur. Ona görə də mən bu yolu tutub gedən veteran "SƏS"çilərə can sağlığı arzu edirəm ki, onlar sadiqlik ənənələrini indiki "SƏS"in kollektivinə ötürüblər. Məhz "SƏS"in indiki kollektivi həmin ənənə üzərində fəaliyyət göstərirlər. Qəzetin bünövrəsi elə qoyulub ki, yüz il, min il keçsə də "SƏS" qəzeti öz əqidəsi, spesifikliyi ilə bütün qəzetlərdən fərqlənəcək. Ulu öndər "SƏS" qəzeti ilə bağlı fikirlərində qeyd etmişdi ki, ""SƏS" daim modernləşir, yenilənir və mən əminəm ki, qəzet həmişə yeniləşəcək, modernləşəcək".
Bizi ruhlandıran amillərdən biri də "SƏS" qəzetinin 20 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin "SƏS"çilərə təbriki oldu. Həmin təbrikdə də "SƏS" qəzeti Ümummilli lider Heydər Əliyevin sevdiyi qəzet kimi xarakterizə olunurdu. Eyni zamanda yubiley tədbirində cənab Prezident İlham Əliyev tərəfindən "SƏS"in kollektivinə ünvanlanmış təbrik məktubu oxundu. Xüsusilə bizi sevindirən amillərdən biri də cənab Prezidentin imzaladığı sərəncamla "SƏS" əməkdaşlarının mükafatlandırılması idi. Qəzetin 20 illiyində ən böyük təbriki elə dövlət başçısı etdi. Bu, təkcə 5 nəfərin mükafatı deyildi. Ümumilikdə bu, "SƏS"çilərə, kollektivə, "SƏS" ailəsinə verilən mükafat idi. Dövlət başçısı bu mükafatla göstərdi ki, qəzet öz fəaliyyətində, əqidəsində, mövqeyində düzdür və düz yolu tutub. Mən fürsətdən istifadə edərək cənab Prezidentimiz İlham Əliyevi də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günün və Yeni il bayramı münasibətilə kollektivimiz adından təbrik edirəm.
Xüsusilə qeyd etmək istəyirəm ki, 2013-cü il "SƏS" Media qrupunun həyatında daha maraqlı və uğurlu oldu. Belə ki, bu ilin iyul ayının 22-də Azərbaycan Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümündə cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla "SƏS" Media Qrupunun 6 əməkdaşı mənzillə təmin olundu.
Bu gün Azərbaycan mətbuatının yeni inkişaf modeli formalaşıb
Beləcə, ölkə mətbuatı dünyaya yeni model təqdim edib. Dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət, qayğı, dəstək və s. ölkə mətbuatının inkişafına əlverişli zəmin yaradıb. Məhz 2013-cü ildə cənab Prezident İlham Əliyevin növbəti dəfə "Jurnalistlərin dostu" seçilməsi də jurnalistlərin düzgün seçim etdiklərini sübut etdi. Dövlət başçısı da öz növbəsində "Jurnalistlərin dostu" olduğunu öz əməli, fəaliyyəti ilə sübut etdi. Hesab edirəm ki, jurnalistlər də çalışmalıdır ki, öz üzərlərinə düşən məsuliyyəti hiss etsinlər və mətbuatın, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində səylərini əsirgəməsinlər.
Biz Ulu Öndərimiz Heydər Əliyevin qəzetimizin modernləşməsi ideyasına sadiq qalaraq "SƏS" qəzetinin bazasında Səs İnformasiya Agentliyi yaratdıq. Beləcə, 2008-ci ilin iyulun 23-də agentlik fəaliyyətə başladı. SİA fəaliyyətə başladığı dövrdə müəyyən problemləri (maddi, texniki, yaradıcı şəxslər az idi və s.) var idi. Bir sözlə SİA 3-5 nəfərlə, agentlik kimi cəmiyyətə təqdim olundu. Amma qısa zaman ərzində SİA-nın ən tanınmış agentliklər sırasında adı çəkildi və öz adını, imicini formalaşdırmağa başladı. Artıq SİA-nın informasiya bazarında, mətbuatda və agentliklər sırasında öz yeri, oxucu kütləsi var.
Bu gün "SƏS" Media Qrupunun İnternet səhifəsində 120 minə yaxın bəyənənlər var. Bu o deməkdir ki, SİA-nın hər bir məlumatını 120 min insan izləyir, baxır, münasibət və rəy bildirir. Təbii ki, bu bizim üçün uğur və SİA üçün qələbədir. Hətta biz agentliyi yaradanda müəyyənləşdirməmişdik ki, SİA ətrafında bu sayda qrup cəmləyə bilər. Son 5 il göstərdi ki, SİA bunu bacardı. Hətta deyərdim ki, bu uğurda kollektivin hər bir üzvünün öz əməyi və zəhməti var. Eyni zamanda qeyd etmək istərdim ki, SİA ölkə mətbuatına kifayət qədər kadr da bəxş edib. Bu gün mətbuatda, müxtəlif agentliklərdə, portallarda və internet resurslarında çalışan jurnalistlərin əksəriyyəti "SƏS" qəzetinin, SİA-nın bazasında dərs alıb. Bunu hər kəs də qəbul edir.
Mətbuatla maraqlanan istənilən şəxsə sual verilsə ki, "SƏS" qəzeti və yaxud "SƏS" Media Qrupunu necə xarakterizə edirsiniz, o heç düşünmədən, tərəddüd etmədən deyəcək ki, bəli, "SƏS" məktəbi artıq öz sözünü deyib. Dövlət orqanlarında çalışan məmur əgər "SƏS"in məktəbini keçibsə, o, hər zaman "SƏS"in ənənələrinə sadiq qalıb. Təbii ki, "SƏS"in də ənənələri Ümummilli lider Heydər Əliyev dediyi kimi azərbaycançılıq, dövlətçilik və dövləti sevmək ənənəsidir. "SƏS" eyni zamanda müasir mediaya inteqrasiya edir. Bildiyiniz kimi qlobal dünyada müxtəlif dillərdə informasiyanın çatdırılması vacib amildir. Eləcə də bu gün Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması çox vacibdir. Ona görə də SİA üç dildə - Azərbaycan, Rus, İngilis fəaliyyət göstərir. Təbii ki, bu da bizə imkan verir ki, ölkə həqiqətlərini, reallıqlarını ingilis dilli, rus dilli xalqlara da çatdıraq. Bunun nəticəsində bizim İnternet ünvanlarına gələn məktublar onu göstərir ki, bu, oxucularımız üçün maraqlıdır və vacibdir.
2011-ci ildə SİA-nın bazasında "SƏS" qəzetinin 20 illiyi münasibətilə "SƏS" İnternet televiziyasını yaratdıq. Bu televiziya yaranarkən bir çoxları bunu videoçarx, videoçəkiliş, görüntülü xəbər kimi olacağını güman edirdi. Hətta bəziləri deyirdi ki, bu yalnız görüntülü xəbər yayımına xidmət edəcək. Amma biz göstərdik ki, bu heç də belə deyil. Azərbaycanda ilk dəfə onlayn televiziyanı "SƏS" təqdim gətirib. Biz bununla göstərdik ki, bu televiziya vasitəsilə görüntülü xəbər, 24 saat efirə çıxmaq və hadisələri digər televiziyalardan operativ şəkildə İnternetdə yerləşdirmək də mümkündür. Təbii ki, biz bunların hər birindən istifadə edirik. Artıq "SƏS" TV də özünəlayiq yer tutub. Hətta deyərdim ki, televiziyamız ölkədə fəaliyyət göstərən onlayn televiziyalar, internet resursları arasında ən nüfuzlu, reytinqli saytlardan biridir. Bu gün "SƏS" TV-nin özünün çoxsaylı tamaşaçı auditoriyası var. Xüsusilə qeyd etmək istərdim ki, bu gün SİA-nın və "SƏS" TV-nin auditoriyasının əksəriyyətini gənclər təşkil edir. Ona görə ki, bizim "SƏS" Media Qrupunda gənclərlə bağlı müxtəlif layihələr həyata keçirilir. Eləcə də gənclərin ictimai həyatda rolunun artırılması məqsədilə müxtəlif layihələr işlənib hazırlanır. Hətta "facebook" sosial şəbəkəsində "SƏS" Media Qrupunun materialları, çəkilişləri daha çox paylaşılır.
Sevindirici haldır ki, 2013-cü ildə keçirilən seçkilər ərəfəsində insanların iradəsinin ortaya qoyulması və informasiyanın cəmiyyətə çatdırılması baxımından SİA-nın böyük xidməti olub. 2013-cü il Prezident seçkilərində Azərbaycan xalqı bir daha öz liderini seçdi və ona inamını göstərdi. Bu mənada hesab edirəm ki, "SƏS" Media Qrupu 2013-cü ildə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bununla da bir çox uğurlara imza atdı. 2014-cü ildə "SƏS" Media Qrupunun moderləşməsi ilə bağlı layihələrimiz, planlarımız var. Əminəm ki, keçmişimizi, mövqeyimizi saxlamaq şərtilə modernləşməyə davam edəcəyik.
Mən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətil bütün Azərbaycan xalqını və "SƏS" kollektivini təbik edirəm. Eləcə də SİA-nın 5, "SƏS" TV-nin 3 yaşı münasibətilə bütün "SƏS"çiləri təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Çünki bu onların, "SƏS" qəzetini yaradanların və onun ənənələrini yaşadanların uğurudur.
Bu gün bu uğuru qeyd etmək SİA-nın kollektivinin haqqıdır. Hər bir agentlyinin və tv-nin uğurunda tamaşaçı kütləsinin də rolu az deyil. Bu anlaşma və əməkdaşlıq qarşılıqlıdır. Bunu əldə etmək üçün isə ilk növbədə yayım dairəsini genişləndirmək tələb olunurdu. Fəaliyyətə başladığı ilk gündən bütün dünyaya səs salan SİA və "SƏS" TV-ni indi hər kəs internet vasitəsilə öz evinin sakini edə bilər.
"SƏS" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev: "SİA 2008-ci ilin iyulunda çox az işçi qüvvəsi ilə fəaliyyətə başladı. Buna baxmayaraq bu, çox uğurlu alındı. "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyevin rəhbərliyi altında bu məsələ gündəmə gələndə agentliyin inkişaf etdirilməsi, yeni əməkdaşların cəlb olunması və s. sözün həqiqi mənasında həm məsuliyyətli, həm də bir qədər maraqlı idi. Yəni yazılı mətbuatdan gələn əksər insanlar elektron mətbuata fərqli münasibət bəsləyirdilər. Düzdür, hər şeydən məlumatlı olsaq da bu bizim üçün ilk idi. SİA-nın fəaliyyətə başlaması və ölkə mediasında özünə layiqli yer tutması, mübarizəyə qoşulması, Azərbaycanda fəaliyyət göstərən informasiya agentliklərini, portallarını, xəbər daşıyıcılarını ötüb keçməsi və s. bizə bir qədər ruh verirdi. SİA həm də bizimlə əməkdaşlıq edən jurnalistlər üçün bir məktəb idi. Hətta deyə bilərəm ki, 50-60 nəfər insan "SƏS" Media qrupunun məktəbini keçərək hazırda ölkənin ayrı-ayrı informasiya agentliklərində, portallarında və s. fəaliyyət göstərirlər. Bir sözlə jurnalistika fakültəsinin təhsil alan tələbələrə ilk iş yeri kimi SİA-da və "SƏS" Media Qrupunun digər strukturlarını təklif etmişik ki öz potensiallarını göstərə bilsinlər. Son 5 ilə nəzər salanda görürük ki, insan, sözün həqiqi mənasında həmin dövrü yaşadığına, əzab-əziyyətlərə qatılaşdığına peşman deyil. Beləcə, düşünürəm ki, itirdiyimiz vaxtlar, çəkdiyimiz əziyyətlər heç bir zaman boşa getməyib. Biz məqsədimizə addım-addım olsa belə gəlib çatmışıq. "SƏS" Media Qrupunun tərkibində olan SİA və 2011-ci ildə fəaliyyətə başlayan eyni adlı qurumun İnternet televiziyası da bizim üçün yenilik idi. "SƏS" İnternet televiziyasının fəaliyyəti də qısa zaman ərzində çox uğurlu olub. Düşünürəm ki, həm SİA, həm də SəsTV son 5 il müddətində "SƏS" Media Qrupuna çox böyük uğur gətirib. Biz artıq başladığımız işin nəticəsini çox aydın şəkildə görürük və məqsədimizə çatmışıq. Artıq biz kəmiyyət göstəricisindən keyfiyyətə qədəm qoymuşuq.
SİA-nın 2008-ci ildə yaradılan saytı keyfiyyət və dizayn baxımından cəlbedici olmaqla yanaşı, gündəlik baş verən hadisələr, eləcə də, televiziyanın fəaliyyətindəki yenilikləri işıqlandırmaqla geniş istifadəçi kütləsi toplaya bildi. Bundan başqa, dünyanın istənilən nöqtəsindən bu sayt vasitəsilə "SƏS" TV-nin yayımını canlı izləmək mümkündür. Ötən müddət ərzində yeni-yeni layihələrilə tamaşaçılarının qarşısına çıxan "SƏS" TV "Xəbərlər" buraxılışı da daim yenilənərək izləyicilərinə dolğun, operativ informasiyanın çatdırılmasını təmin etdi. Eləcə də, xaricdə baş verənlərə daha yaxın olmaq üçün dünyanın bir çox tanınmış KİV-ləri ilə əməkdaşlığı qarşısına məqsəd qoyan SİA və "SƏS" TV dünyanın tanınmış informasiya agentlikləri ilə faydalı əməkdaşlıq həyata keçirir. Əlbəttə, bütün bunlar bu gün ad gününü möhtəşəm şəkildə qeyd edən "SƏS" Media Qrupunun uğurlarının davamlı olacağının göstəricisidir.
"SƏS" Media Qrupunun əməkdaşı Valeh Məhərrəmli: "İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün Azərbaycan xalqını və "SƏS" Media qrupunun kollektivini təbrik edirəm. İnanıram ki, 2014-cü il hər birimiz üçün uğurlu bir il olacaq".
"SƏS" Media Qrupunun şöbə müdiri Rövşən Rəsulov: "İlk növbədə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Sevindirici haldır ki, biz bu ərəfədə SİA-nın 5, "SƏS" TV-nin 3 yaşını qeyd edirik. Vurğulamaq istərdim ki, Media Qrupunun təməlində dayanan "SƏS" qəzeti Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz qəzetin uğurudur ki, artıq onun balansında nəhəng "SƏS" Media Qrupu yaranıb. Ölkədə ictimai-siyasi, mədəni, sosial və digər sahələrə önəm verən SİA gələcəkdə də bu kimi uğurlarını davam etdirəcək".
"SƏS" Media Qrupunun əməkdaşı Mətləb Salahov: "SİA bu 5 il ərzində çox uğurlu fəaliyyət göstərib. O, media sahəsindəki fəaliyyəti ilə bunu bir daha sübuta yetirib. Eləcə də İnternet televiziyasını da bura şamil etmək olar. Əminəm ki, hər iki qurum gələcəkdə də böyük uğurlara və nailiyyətlərə imza atacaq. Biz çalışacayıq ki, 2014-cü ildə "SƏS" qəzeti daha da nüfuzlu quruma çevrilsin".
"SƏS" Media Qrupunun əməkdaşı Mahirə Cəfərova : "Arzum odur ki, həm SİA, həm də "SƏS" TV-nin uğurları 2014-cü ildə daha çox olsun. Gün o gün olsun ki, biz SİA-nın və SəsTV İnternet televiziyasının 50 yaşını qeyd edək. Bir sözlə bayram bayrama qarışıb. Gələcəkdə də "SƏS" Media Qrupunun təhbəri Bəhruz Quliyev başda olmaqla kollektivə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".
"SƏS" Media qrupunun əməkdaşı Tünzalə İsmayılova: "Mən də "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev başda olmaqla bütün kollektivimizi ürəkdən təbrik edirəm. Onlara yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram".
"SƏS" Media Qrupunun əməkdaşı Cabir Məmmədov: "Deyə bilərəm ki, SİA və "SƏS" TV-nin yaranma tarixi gənc olduğu kimi qurumda çalışanların özləri də gənclərdir. Təbii ki, bu, çox sevindirici amildir. İnanıram ki, "SƏS" Media Qrupunun uğurları hələ gələcəkdə olacaq. Bu müddət ərzində qurum özünə kifayət qədər nüfuz qazanıb. Ümumiyyətlə bu qurumun özü bir məktəbdir. Çünki burada yetişən kifayət qədər jurnalist ölkə mediasının ən tanınmış qurumlarında çalışır".
"SƏS" Media Qrupunun əməkdaşı Ofelya Abbasova: "Mənim bu qurumla tanışlığım uzun illərə söykənir. Biz daim bura İstehsalat təcrübəsinə gəlirdik. 2013-cü ildən etibarən isə mən "SƏS" Media qrupunda çalışmağa başladım. Burada çalışdığım müddətdə çox mehriban və səmimi kollektivlə rastlaşdım. Bu da ondan irəli gəlir ki, məhz "SƏS" Media qrupunun başında jurnalistika sahəsini gözəl bilən mükəmməl bir jurnalist dayanır. Sevindirici haldır ki, kollektivin böyük əksəriyyətini gənclər təşkil edir. Deyərdim ki, gənclər böyük qüvvədir. Onlar hər zaman bizim cəmiyyətimizdə öndə gedir. Ümumilikdə götürdükdə deyərdim ki, 2013-cü il həm kollektivimiz, həm də dövlətimiz üçün uğurlu il olub. Mən özümü bu kollektivdə çox xoşbəxt hiss edirəm".
"SƏS" Media qrupunun əməkdaşı Zakir Rəhimli: "Sevindirici haldır ki, biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında SİA-nın 5, "SƏS" TV-nin 3 yaşını qeyd edirik. Bu bayramlar münasibətilə başda rəhbərlik Bəhruz Quliyev olmaqla bütün kollektivimizi səmimi qəlbdən təbrik edir, onlara 2014-cü ildə yeni yaradıcılıq uğurları arzulayıram".
"SƏS" Media qrupunun əməkdaşı Qismət İsmayılov: "SİA-nın fəaliyyətə başlaması indiyə kimi də yadımdadır. Bu agentliyin yaradılmasında rəhbərliyimizin çox əziyyətləri oldu. Biz hər birimiz eləcə də "SƏS" qəzetinin işçiləri çalışırdılar ki, SİA ölkə mediasına gəlsin. Sevindirici amildir ki, heç kimin əziyyəti hədər olmadı".
"SƏS" Media qrupunun əməkdaşı Ülkər Musazadə: "Mən bu qurumla 6 aydır ki, əməkdaşlıq edirəm. Deyərdim ki, həm SİA-nın, həm də "SƏS" TV-nin çox mehriban kollektivi var. 2014-cü ildə kollektivə yeni-yeni eksklüziv xəbər tapmalarını arzu edirəm".
"SƏS" Media qrupunun əməkdaşı İntizarə Məmmədova: "Bir ildən çoxdur ki, "SƏS" Media qrupunda çalışıram. Bu illər ərzində kollektiv olaraq bir çox uğurlu işlərə imza atmışıq. Ümidvaram ki, gələcək illərdə də bu belə davam edəcək".
"SƏS" Media Qrupunun əməkdaşı Ceyran Əsgərova: "Üç ilə yaxındır ki, "SƏS" Media qrupu ilə əməkdaşlıq edirəm. Bu müddət ərzində bir sıra uğurlara imza atmışam. Misal olaraq deyə bilərəm ki, bu il rəhbərlik tərəfindən "SƏS" Media qrupunun Mədəniyyət şöbəsinin müdiri təyin olundum. Çalışıram ki, həm mədəniyyət, həm də şou-biznes sahəsində nə baş verirsə onu operativ şəkildə ictimaiyyətə çatdırım".
Xatırladaq ki, SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, İngilis, Rus dilində xəbər xidməti göstərməkdədir. Yaxın gələcəkdə bir neçə əcnəbi dillərdə də xəbər xidməti aparılacaq. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər və analitik yazılar, rəylər əksini tapır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürütməyi qarşısına məqsəd qoyan SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə