"Azərbaycan ATƏT-in Varşava bürosu ilə əməkdaşlığa son qoymalıdır" təklif

"Azərbaycan ATƏT-in Varşava bürosu ilə əməkdaşlığa son qoymalıdır" təklif

Parlamentin bugünkü son iclasını açıq elan edən spiker Oqtay Əsədov ilk olaraq bütün millət vəkillərini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Zahid Oruc da təbriklərə qoşulub.

Z. Oruc təbrikin ardınca Binə ticarət mərkəzində baş verən yanğına toxunub: "Uzun illər ərzində bu proses artıq ənənə halını alıb. Artıq insanlarda belə bir düşüncə yaranıb ki, belə yanğınlar elektrik enerjisində qısa qapanma halının baş verməsindən deyil, sahibkarlıq subyektlərində hökm sürən vəziyyətlə birbaşa bağlıdır. Burada təəssüfedici məqam ondan ibarətdir ki, onlarla insana maddi ziyan dəyir. Parlamentdə çıxışlarım zamanı qeyd etmişdim ki, istər Binə, istərsə də Sədərək Ticarət Mərkəzində qanunsuzluq baş alıb gedir. Bir sıra hallarda isə orada feodal münasibətlər hökm sürür. Bununla yanaşı, orada heç bir hüquqi münasibət yoxdur. Sahibkarlar da buna qarşı çıxanda onları əzib otuzdururlar. Yeni il ərəfəsində İqtisadi İnkişaf Nazirliyinə mövcud məsələ ilə bağlı müraciət edirəm ki, monitorinqlər təşkil etsin və hökm sürən vəziyyəti ölkə başçısına məruzə etsin. Prezident İlham Əliyevin məmurlara etdiyi xəbərdarlıq inanıram ki, öz töhfəsinə verəcək".

Millət vəkili, həmçinin ATƏT-in DTİHB-nin dəfələrlə seçkilərlə bağlı açıqladığı yekun hesabatlara da toxunub: "Onlar hesabat hazırlayarkən ölkə daxilindəki casuslarına istinad edir. Tam məsuliyyətlə deyirəm ki, onlar casus şəbəkəsidir və bu addım ölkəmizə təzyiq vasitəsidir. Azərbaycan dövlətini ATƏT-in Varşava bürosu ilə əməkdaşlığa son qoymağı təklif edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə