Politoloq: "Ermənistanda diplomatik yox, ancaq xəyanət səviyyəsi var" Müsahibə

Politoloq: "Ermənistanda diplomatik yox, ancaq xəyanət səviyyəsi var" Müsahibə

Politoloq Cümşüd Nuriyevin SİA-ya müsahibəsi:

- ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttinə sonuncu səfərlə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar. Sizcə bu bəyanat da əvvəlkilər kimi effektsiz olacaq?

- ATƏT-in həmsədrləri Dağlıq Qarabağ məsələsi ilə bağlı o qədər fikirlər və bəyanat səsləndiriblər ki, artıq onların bir çox fikirləri ciddi qəbul edilmir. Çünki dəfələrlə verilən bəyanatları bu və ya digər söz sırası, cümlələr dəyişməklə gündəmə gəlirlər. Onların əsas qırmızı xətti odur ki, sülh danışıqları davam etdirilsin və torpaqlar geri qaytarılsın. Danılmaz fakt da odur ki, 20 ildən çoxdur ki, onlar hələ də bu istəklərinə nail ola bilmirlər. Azərbaycan da öz ərazini bütövlüyünü bərpa etmək istəyir. Yeganə ümid yeri var ki, Dağlıq Qarabağda Azərbaycana qarşı savaşanlar həm Rusiya, həm də qərblə bağlı ümidlərini itirməyə başlayıblar. Ermənistan tərəfindən bu tip bəyanatların sayı çoxalıb. Onlar Azərbaycanın bölgədəki mövqeyini, dünyada artan nüfuzunu və siyasi imicini, eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin girovuna çevrildiyini dərk etməyə başlayıblar. İlham Əliyev artıq ortaya məsələ qoyub ki, Dağlıq Qarabağın status-kvosu dəyişməlidir. ATƏT-in yeni həmsədrlərinin bəyanatında ətraf rayonların geri qaytarılması ilə bağlı fikirlər var. Türkiyənin, eləcə də ATƏT-in həmsədrlərinin fəallaşması Qafqazın yenidən Rusiya ilə Avropanı və ABŞ-ın nüfuz dairəsinə düşməsi, eyni zamanda Qafqazın açar dövlət kimi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlərinin olması istər-istəməz onların fəaliyyətini gücləndirib.

- Rusiyanın prezidenti Vladimir Putin bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna qardaş ölkədir və Rusiya mürəkkəb vəziyyətdə daima onu dəstəkləyir. Bu Rusiyanın başlıca məqsədlərindən biridir. Bununla yanaşı, Rusiya Ukraynanın Avropaya inteqrasiyasının əleyhinə deyil. Bir çoxları isə Ukraynanın Gömrük İttifaqına qoşulması hadisəsini Azərbaycanla eyniləşdirirlər. Siz Ukraynada cərəyan edən hadisələri necə qiymətləndirirsiniz?

- Azərbaycan və Ukraynanın mövqeləri hazırda eyni statusda deyil. Lakin orada hazırda separatizm baş qaldırıb. Bu separatizm də Ukraynanın parçalanmasına gətirib çıxara bilər. Yanukoviç də bunu gördüyünə görə "gözü çıxmış" qardaşlarından nümunə götürüb bu məsələyə getmir. Ukraynada əsas aranı qarışdıran 3 vilayət var. Həmin vilayətlərin vaxtı ilə SSRİ-yə olan nifrətləri soyumadığından bu addıma əl atırlar. Həmin vilayətlərin də heç bir iqtisadi resursu yoxdur. Rusiya istədiyi vaxt onları qazla boğa bilər. Azərbaycanın Gömrük İttifaqına qoşulmamaqla bağlı müəyyən problemləri var. Lakin hər kəsə məlumdur ki, Azərbaycan heç vaxt Avrasiya İttifaqına daxil olmayacaq. Çünki siyasi cəhətdən buna hazır deyilik. Gömrük İttifaqına qoşulmaq nə zaman Azərbaycanın maraqlarına uyğun olacaqsa, o zaman bu barədə dəqiq qərar veriləcək. Ukraynanın siyasi hadisələrinin Azərbaycana köçürüləcəyini səsləndirən müxalifətin bu fikirləri sayıqlamaqdan başqa bir şey deyil.

- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfəri və Ermənistanın XİN rəhbəri ilə görüşünün nəticələri mətbuata tam olaraq açıqlanmadı. Demək olar ki, bir çox məqamlar gizli qaldı. Bunun səbəbi nə idi?

- Bir faktı qeyd edim ki, Əhməd Davudoğlu görüşdə çox böyük səhvə yol verdi. Digər tərəfdən isə, o, İrəvana getməməli idi. Çünki o, getməmişdən əvvəl Ermənistan mətbuatı bəzi şərtlər yaymışdı. Belə ki, Türkiyə erməni soyqırımını tanımalı və Ermənistandan üzr istəməli idi. Bütün bunlardan sonra bu məsələlərin müzakirəsi gündəmə gətirilə bilərdi. Davudoğlunun ən böyük siyasi səhvi ondan ibarət oldu ki, Osmanlı dövründəki köçürmələrin və Türkiyənin haqsız olduğunu dilə gətirdi. O elə düşündü ki, xoşməramlı diplomatik addım Ermənistan tərəfindən diplomatik səviyyədə qəbul ediləcək. Lakin o başa düşmədi ki, Ermənistanda diplomatik səviyyə söhbəti yoxdur. Onlarda ancaq xəyanət səviyyəsi var. Ermənilər hər şeyə qərəzli şəkildə yanaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə