Ziyad Səmədzadə: “Şahdəniz-2” Azərbaycanın Avropanın Enerji təhlükəsizliyindəki iştirakını təmin edəcək”

“Azərbaycanın “Şahdəniz-2” kontraktına imza atması heç şübhəsiz ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı titanik fəaliyyətin, müstəqil siyasətin məntiqi nəticəsidir”
Ziyad Səmədzadə: “Şahdəniz-2” Azərbaycanın Avropanın Enerji təhlükəsizliyindəki iştirakını təmin edəcək”

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimini müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarında biri kimi qiymətləndirirəm. Məhz buna görə mən Azərbaycan xalqını bir daha təbrik edirəm. Çünki bu ölkəmiz üçün tarixi bir hadisədir". Bunu SİA-ya Milli Məclisin deputatı Ziyad Səmədzadə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasiminə münasibət bildirərkən deyib.

"1994-cü ilin sentyabrın 20-də "Əsrin Müqaviləsi" imzalanan zaman Ümummilli lider Heydər Əliyev çıxışında birmənalı olaraq dedi ki, "biz bu kontraktları imzalamaqla Azərbaycanın gələcək inkişafının əsaslarını qoyuruq. O vaxtlar ölkədə ağır vəziyyət hökm sürürdü və iqtisadi böhran davam edirdi. Maliyyə vəsaitlərimiz demək olar ki, yox vəziyyətində idi. Lakin bu kontraktların imzalanması ilə Avropanın, Amerikanın ən iri transmilli şirkətləri Azərbaycana investisiya qoydular. Bununla da artıq Neft strategiyası reallaşmağa başladı. Məhz Neft strategiyasının reallaşmasının uğurlu nəticələridir ki, biz bu gün iqtisadi cəhətdən daha müstəqil olmuşuq. Bir sözlə, bizim iqtisadiyyatımızın şaxələnməsi, alternativ marşurutların yaradılması istiqamətində bütövlükdə isə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsində çox böyük işlər görülüb" – deyə, Z.Səmədzadə deyib.

Parlament üzvü hesab edir ki, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması isə heç şübhəsiz ki, XXI əsrin kontraktı sayılacaq: "Çünki dünyanın ən aparıcı şirkətləri Azərbaycanın təbii qazının dünya bazarına çıxarmasına imkan yaradacaq. "Şahdəniz-2" istər investisiya tutumu nöqteyi-nəzərindən, istərsə də nəticələrinə görə mühüm layihədir. Bu qazın ixrac olunması ilə Azərbaycan iqtisadiyyatına və yanacaq-energetika kompleksinə milyard dollarla investisiya qoyulacaq. Təsəvvür edin ki, yeni 30 min yeni iş yeri yaradılacaq ki, bunlar da əsasən ixtisaslı işçilər olacaq. Bu layihə bir növ Azərbaycanın Avropanın Enerji təhlükəsizliyindəki iştirakını təmin edəcək. Azərbaycan bu gün investisiya qoyuluşu baxımından ən əlverişli regionlardan biridir. Məhz buna görə də qloballaşan dünya iqtisadi şəraitində, iqtisadiyyatında, tənəzzül proseslərinin hələ də davam etdiyi bir şəraitdə ölkəmizin bu böyük nəhəng kontrakta imza atması heç şübhəsiz ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı titanik fəaliyyətin, müstəqil siyasətin məntiqi nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə