Aydın Hüseynov: “Şahdəniz-2” layihəsini XXI əsrin müqaviləsi kimi qeyd etməliyik” AÇIQLAMA

"Bu tək Azərbaycan üçün deyil, Avropa, ümumilikdə isə dünyanın geosiyasi, geoiqtisadi inkişafı baxımından mühüm bir hadisədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi ilə bağlı fikirlərini bildirərkən deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi 17 dekabr 2013-cü il ölkəmizin iqtisadi-siyasi həyatında ən mühüm hadisədir. Hesab edirəm ki, bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində bağlanan yekun investisiya qərarının imzalanması mərasimi mühüm iqtisadi və siyasi amil kimi xarakterizə edilməlidir. Əgər bu gün Bakı-Tbilisi-Ceyhan və ümumiyyətlə neft müqavilələrini XX əsrin müqaviləsi adlandırırdıqsa, artıq biz "Şahdəniz-2" layihəsini XXI əsrin müqaviləsi kimi qeyd etməliyik. Bu bir növ XXI əsrin siyasi hadisəsidir. Həmin müqavilənin dəyəri 25 milyard dollar həcmindədir. Eyni zamanda bu müqavilədə "Şahdəniz-2" layihəsi üzrə Xəzər dənizinin təbii qaz ehtiyyatlarının Avropaya çatdırılması ilə bağlı prespektiv layihənin icrasına başlanılması əsas götürülür. Layihəyə əsasən 2016-cı ildən etibarən hasilat ilk dəfə üçün öz nəticəsini verəcək. İlk mərhələ üçün TANAP layihəsi üzrə 10 milyard kubmetr, sonradan isə 16 kubmetr qaz Avropaya nəql olunacaq. Ümumilikdə isə yataqdakı qaz ehtiyyatlarının həcmi 1.2 trilyon kubmetrə bərabərdir. Göründüyü kimi bu çox möhtəşəm bir yataqdır.

Bəs gəlin görək bunun əhəmiyyəti nədən ibarətdir? Birincisi, bu, Azərbaycanın iqtisadiyyatı üçün çox böyük gəlir gətirəcək və prespektivli bir mənbədir. Eyni zamanda ölkəmizin Avropanın enerji təchizatında mühüm bir rol oynamasını təsdiqləyən faktdır. Ümumilikdə götürdükdə TAP layihəsi Prezident İlham Əliyevin birbaşa qətiyyətli təşəbbüsü və siyasi iradəsi nəticəsində əldə olunan layihədir. Layihənin əsas gücü ondan ibarətdir ki, bu TAP xətti vasitəsilə Avropanın əksər ölkələrinin təbii qaza olan ehtiyyatının ödənilməsi, bütün predmetlər baxımından sərfəli işdir. Bu tək iqtisadi çərçivə ilə məhdudlaşmır, eləcə də müqavilədə iştirak edən ölkələrlə mədəni, ticari və s. əlaqələr müstəvisində əməkdaşlığa hesablanıb. Eləcə də bu, ölkələrin bir-birinə qarşı inteqrasiyası deməkdir. Bu layihədə Rusiya, İran, Qazaxıstan dövləti də iştirak edə bilər. Layihənin güc tutumu böyük olmaqla yanaşı, eyni zamanda şaxələndirilmiş şəkildə geniş şəbəkədir" – deyə, Aydın Hüseynov sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. "Şahdəniz-2" üzrə yekun investisiya qərarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...