ABŞ-da dünya siyasətinin problemləri müzakirə edilib

Nüfuzlu "Foreign Policy Magazine" jurnalı ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin dəstəyi ilə "Transformasiya meyilləri - 2014" mövzusunda konfrans keçirib.

Konfransda ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmurları, Amerikanın dövlət və özəl idarələrinin, elmi-tədqiqat mərkəzlərinin direktorları və rəhbərləri çıxış ediblər.

Konfransın giriş panelində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Entoni Blinken çıxış edib. O, İranın nüvə proqramına dair ABŞ-ın apardığı danışıqlar, Əfqanıstana və İrana dair proqnozları və ABŞ-ın siyasətinin təhlili, habelə Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında yaranmış vəziyyət barədə məlumat verib. Sonra "2014: qaynar nöqtələr və gələn ilin tendensiyaları" adlı birinci paneldə ABŞ dövlət katibinin böyük müşaviri Tom Şennon, Amerika Neft İnstitutunun direktoru Cek Herard, ABŞ Dövlət Departamentinin strateji planlaşdırma və siyasət şöbəsi direktorunun birinci müavini Ceyms Beyker və "Beynəlxalq sülh uğrunda" Karnegi Fondunun energetika və iqlim proqramının direktoru Devid Bervel çıxış edib. Onlar ABŞ-da və Avropada enerji təhlükəsizliyi barəsində ABŞ-ın siyasətini müzakirə edib, energetika sahəsində yeni meyillər barədə söhbət açıblar.

Digər panellərdə ABŞ-ın Misirdəki keçmiş səfiri Ann Paterson, Con Hopkins Universiteti yanında Pol Nitse adına Perspektivli Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Vali Nəsr, Birləşmiş Ərəb Əmirliklərinin TwoFour54 tibb şirkətinin prezidenti Nura əl-Kaabi çıxış edib. Onlar Yaxın Şərqdə siyasi tendensiyaları müzakirə ediblər. ABŞ-ın ticarət nümayəndəsinin müavini Mirian Sapiro, Atlantik Şurasının prezidenti Fredrik Kempe, ABŞ İxrac-İdxal Bankının sədri Fred Hokberq və digər siyasətçilər Transatlantik Alyans ətrafında dəyişiklikləri və XXI əsrdə Asiya ölkələri ilə ABŞ-ın münasibətlərini müzakirə ediblər.

Konfransın sonunda ABŞ dövlət katibi Con Kerri "Diplomatiyanın bərpa edilməsi ABŞ-ın xarici siyasətinin mərkəzindədir: keçən ilə dair fikirlər və gələn il nələr gözlənilir?" mövzusunda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...