Politoloq: “İranın varlanmasından yeganə qazanc əldə edəcək dövlət işğalçı Ermənistandır”

Politoloq: “İranın varlanmasından yeganə qazanc əldə edəcək dövlət işğalçı Ermənistandır”

"Əgər İranın Avropaya qaz satmaq niyyəti özünün dediyi qaydada reallaşarsa, bu region dövlətləri və xüsusən də Azərbaycan üçün arzuolunmazdır". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.

O, İranın Avropa ölkələrinə təbii qaz satmağa hazırlaşmasına və boru xəttinin Türkiyədən keçməsi ehtimalına münasibət bildirərəkən deyib: "Bu, baş verərsə, İran dəqiq olaraq İraqı öz təsiri altına sala bilər. Çünki, İraqda hələ ki, dövlət formalaşmayıb. İraqın siyasi dairələrində bir yanda kürdlər, digər tərəfdə sünnilər, digər yanda isə şiələr iddialarını sürdürməkdədirlər. İran isə təbii ki, bu kimi mövcud vəziyyətdən yararlanmağa çalışır. İranın bir nömrəli problemi Azərbaycandır. Bu baxımdan cənub qonşumuz müəyyən mənada Azərbaycana da ziyan vura bilər. O varlandıqca, var gücünü Azərbaycana qarşı yönəldə bilər. İranın varlanmasından yeganə qazanc əldə edəcək dövlət isə işğalçı Ermənistandır".

ABŞ-ın İrana qarşı sanksiyaların ləğv etdiyini və İranın dondurulmuş 8 milyard dollar vəsaiti geri ala bildiyini də xatırladan politoloq qeyd edib ki, İran bu vəsaiti alan kimi Ermənistana mesaj göndərdi: "İranın Ermənistandakı səfiri mətbuat konfransı keçirdi və bildirdi ki, onun ölkəsi "Mehri" və "Qaraçilə"su elektrik stansiyalarını tikəcək, Ermənistana digər istiqamətlərdə investisiyalar yatıracaqlar. Digər tərəfdən, İran-Ermənistan dəmiryolu çəkiləcək, əlavə yüksək gərginlikli elektrk xəttləri bərpa olunmaqla işğalçı dövlətn bu problemi də aradan qaldırılacaq. Lakin nəzər yetirsək görərik ki, İranın daxilində vəziyyət çox gərgindir. Bu baxımdan, maddi vəsait əldə edən rəsmi Tehran öz daxilindəki problemləri həll etmək yerinə Ermənistana yardım etmək qərarına gəlib. Sual olunur ki, axı nə üçün? Çünki İranın məqsədi Ermənistanın Azərbaycana qarşı mövqeyini dəyişməməkdən ibarətdir".

İranın Avropaya qaz təchizatının reallaşması ilə bağlı qərarında müəyyən şübhəli məqamların olduğunu da deyən Mübariz Əhmədoğlu onu da bildirdi ki, qaz təchizi üçün ilk növbədə kəmər lazmdır. Bu isə böyük infrastruktur deməkdir: "Digər tərəfdən, İranla Qərbin münasibətlərinin normallaşması inandırıcı səslənmir. Çox güman ki, ABŞ yaxın zamanlarda İrana qarşı sanksiyalar tətbiq edəcək. Çünki İran iki hakimiyyətlidir. İran prezidenti nüvə proqramını dayandırmağın tərəfdarıdır. İranın dini lideri isə dayandırmağın əleyhinədir. İranda isə böyük hissə dini lideri dəstəkləyir. Dini lider isə böyük gücə malikdir. İranın hərbi qüvvəsi də iki hissəyə bölünüb. Yarısı siyasi liderə, yarısı isə dini liderə tabedir. İran Ermənistana təbii qazı indiyə qədər 179 dollara satdığı, halda hazırda kubmetri 100 dollara alması üçün Ermənistanın qarşısında diz çökdü və yalvardı. Məqsəd isə Ermənistanı Rusiyaya sarı deyil, məhz öz yanına çəkməkdir".

Ermənistanın İrana antiazərbaycan faktoru kimi lazım olduğunu bildirən politoloq onu da xatırlatdı ki, digər tərəfdən İran təbii qazı Türkiyəyə 505 dollara satırdı: "Türkiyə belə məqamlarda çox həssasdır. Böyük ehtimalla Türkiyə Avropanı təchiz edəcək qaz kəmərinin keçəcək bu ölkədən keçəcək hissəsinə görə transhaqqı alacaq və satılan qazın qiymətini ucuzlaşdırmasını tələb edəcək. Bax, bu amilləri sözügedən layihənin reallaşması üçün böyük maneə hesab etmək olar. Lakin istisna etmək olmaz ki, əgər layihə reallaşarsa bu amil Azərbaycan üçün arzuolunmaz olacaq".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə