Sədr müavini: “İsa Qəmbər bu aclığını Ukraynadakı meydanda öldürmək istəyir” AÇIQLAMA

Sədr müavini: “İsa Qəmbər bu aclığını Ukraynadakı meydanda öldürmək istəyir” AÇIQLAMA

"Görünən odur ki, bizim radikal müxalifət düşərgəsi hər zaman rəqəmlərlə fikrini ifadə edərkən sıfırların sayını artırır. Məhz buna görə də sonda həmişə paradoksal nəticə ortaya çıxır". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova müxalifətin ötən günkü aksiyasına münasibət bildirərkən deyib.

"Əgər siyasətçi və özünü siyasətçi adlandıran şəxs reallıqdan çıxış etmirsə, sonda o, gülünc və acınacaqlı vəziyyətlə qarşılaşmalı olur. Ziddiyyətli, paradoksal görünən və heç bir məntiqə sığmayan cəhət ondan ibarətdir ki, bu düşərgə mənsubları Milli Şura adlı qurumun məhvə doğru sürükləndiyini və bu təşkilatın perspektivsiz qurum olduğunu, hətta bir qədər də irəliyə gedərək bunun konkret qonşu ölkələrin planı olduğunu və onlardakı bəzi dairələrə xidmət etdiyini söyləyərək, özləri də bu mitinqdə iştirak edirlər. Bununla da onlar öz məntiqsizliklərini, mövqesizliklərini "sudan boğulan saman çöpündən yapışar" məsəlini sübuta yetirirlər.

Bu qurumda yarandığı vaxtdan söz, iş sahibi olduğu vurğulanan Müsavat Partiyasının rəsmiləri bu açıqlamaları verirlər. Onlar xalqın çox kiçik bir hissəsinin hansı ki, bütün körpülərini xalqın əksər böyük hissəsi ilə yandırmış olan uğursuzların toplaşdığı bir məkanda böyük iddialarla çıxış edərək özlərini gülünc vəziyyətə salırlar.

Ən acınacaqlısı və gülməlisi isə odur ki, ölkəsində özünün partiyasının təşkilaçılığı ilə keçirilən mitinqdə 300-500 nəfər insanın qarşısında çıxış etməyi siyasətçi imicinə sığışdırmayan İsa Qəmbər bu aclığını Ukraynadakı meydanda öldürmək istəyir. Bununla da o, Ukrayna müxalifətçilərinə və nümayişçilərinə Azərbaycan xalqı adından vədlər verir. Azərbaycan xalqının hansı hissəsinin bu partiyanı və onun liderini dəstəklədiyini ötən dəfə Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən mitinq də sübut etdi. "Məhsul" stadionundan Avromeydandakı paradoksal vəziyyətin arasında vurnuxanlar elə daim bu vəziyyətdə olacaqlar. Lakin bunların hansısa bir perspektivi Azərbaycanda gözlənilmir. Bu mənada insanlar bunu görür, dəyərləndirir və qiymətləndirir" - deyə, Bahar Muradova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə