Müsavat Partiyası “El” Hərəkatını və Rüstəm İbrahimbəyovu yenidən günahkar çıxardı

Arif Hacılı: “Əvvəldən etirazlarımıza baxmayaraq bir sıra anti-Müsavat qüvvələr Milli Şuraya cəlb olundu və onlara şura üzvü kimi yüksək status verildi”
Müsavat Partiyası “El” Hərəkatını və Rüstəm İbrahimbəyovu yenidən günahkar çıxardı

Müsavat Partiyasının Milli Şura ilə bağlı aparacağı müzakirələr qalmaqallı açıqlamalarla yadda qalmaqdadır. SİA-nın məlumatına görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verdiyi müsahibəsində "El" Hərəkatının rəhbərliyinə eyham vuraraq, onları hakimiyyətə işləməkdə günahlandırıb. O, müzakirələrin nəticəsiz qalmasından sonra Müsavat Partiyasının Milli Şuradan çıxma ehtimalına münasibət bildirərkən deyib ki, şuradakı bəzi qüvvələr onun təmsil olunduğu siyasi təşkilatın qurumdan çıxmasını istəyir: "Milli Şuranın daxilində olan bəzi qüvvələr Müsavatın qurumdan çıxmasını istəyir. Təəssüflə qeyd etmək lazımdır ki, əvvəldən etirazlarımıza baxmayaraq bir sıra anti-Müsavat qüvvələr Milli Şuraya cəlb olundu və onlara şura üzvü kimi yüksək status verildi. Ona görə hazırda Milli Şurada Müsavata qarşı əks mövqenin də olduğu, bir sıra qüvvələrin və təşkilatların bizi qurumdan çıxmağa təhrik etdiyi göz önündədir. Təəssüf ki, şuranın yaradılmasının təşəbbüskarı olan Rüstəm İbrahimbəyovun mövqeyi də Müsavat Partiyasına qarşı bu cür davranan siyasi qüvvələrin mövqeyinə yaxındır. Bütün bunlara görə bu məsələyə ciddi yanaşırıq, partiya strukturlarında bununla bağlı müzakirələr başlayıb".

Müsavatın Milli Şurada digər partiya və təşkilatlardan daha çox fəaliyyət göstərdiyini də iddia edən partiya yetkilisi onu da qeyd edib ki, partiya digərlərindən fərqli olaraq seçkilərdə bütün resurslarını istifadə edib: "Milli Şuranın yaradılmasında əsas rol oynayan partiyalardan biri Müsavat olub. Milli Şura daha çox 2013-cü ilin prezident seçkisində vahid namizədlə iştirak məqsədilə yaradılmışdı. Biz Müsavat Partiyası olaraq bütün resurslarımızı seçki prosesinə cəlb etdik. Tam məsuliyyətlə deyirəm ki, Cəmil Həsənlinin seçki kampaniyasının təşkilində digər təşkilatlardan daha çox əmək, resurs sərf edən və bu seçki kampaniyasında uğur qazanılmasına ən çox töhfə verən Müsavat oldu".

A.Hacılı "El" Hərəkatı ilə yanaşı, eyni zamanda Milli Şurada təmsil olunan ACP-ni, KXCP-ni də hədəfə alan fikirlərində onu da bildirib ki, belə qüvvələr maneələr yaratmaqla məşğul olurlar: "Sadəcə, Milli Şuranın özünün fəaliyyətinə maneə törədən qüvvələrin müxalifətin ən geniş koalisiyası adı altında siyasi prosesə cəlb olunmasının əvvəlcədən əleyhinə olmuşuq, indi də əleyhinəyik. Hesab edirəm ki, bizim mövqeyimiz indi həm siyasi qüvvələr, həm cəmiyyət arasında daha inandırıcı və daha real görünür. Çünki bizim Milli Şurada olmağını arzulamadığımız, müxalifətin ümumi birliyinə qoşulmasını istəmədiyimiz qüvvələr nəinki Cəmil Həsənlinin seçki kampaniyasına yardım etmədilər, hətta ciddi maneələr törətdilər. Seçki kampaniyasından sonrakı dövrdə də bu qüvvələr müxalifətin birgə fəaliyyəti ilə bağlı pozucu əməllərini davam etdirməkdədirlər".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Milli Şurada irəli sürülən təkliflərin qəbul olunmaması səbəbindən qurumun böhranla üzləşdiyini bildirərək deyib ki, şurada əməli fəaliyyəti, siyasi qabiliyyəti olmayan adamlar var: "Təəssüflə qeyd etmək lazımdır ki, bu istiqamətdə verilən təkliflərimiz qulaqardına vurulub. Bir daha deyim ki, Milli Şuranın tərkibində hətta Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşan, Azərbaycanın gələcəkdə demokratik dövlət kimi inkişaf etməsi, ölkədə demokratik cəmiyyətin qurulması fikrini belə qəbul etməyən qüvvələr qalmaqdadır. Milli Şuranın tərkibində heç bir əməli fəaliyyət qabiliyyəti olmayan və ya hansısa səbəblərdən real bir fəaliyyətlə məşğul olmaq istəməyən çoxlu adam var. Milli Şurada yaranmış bugünkü böhranın səbəbi məhz bu istiqamətdə bizim zaman-zaman irəli sürdüyümüz, həm təşkilatdakıların diqqətinə, həm də mətbuat vasitəsilə bütövlükdə Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdığımız təkliflərin nəzərə alınmamasıdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə