"Mən istefamın səbəbini açıqladım və dediyimin arxasında dururam. Fikrimi dəyişməyə də ehtiyacım yoxdur. Əgər kiminsə hansısa ittihamı, suçlaması, ya da versiyası varsa, bunları gizlətməsin, desin və cavabın alsın".
Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin keçmiş rəhbəri, yeni yaradılmış "Xalq arzusu" hərəkatının təsisçisi Asəf Quliyev deyib.
AXCP sədrinin müavini Gözəl Bayramlının onun istefası ilə bağlı fikirlərinə münasibət bildirən A. Quliyev deyib ki, kimsə ona qara yaxmaqla gündəmdə qalmağa çalışmasın.
Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı dünən SİA-ya verdiyi eksklüziv açıqlamasında bildirib ki, istefa verməsinin əsl səbəblərini Asəf bəy özü yaxşı bilir, cəmiyyətlə səmimi olub əsl səbəbi açıqlamağa ehtiyac var idi, Asəf Quliyev isə bunu edə bilmədi. Bundan sonra isə A.Quliyevin hər hansı sözü onu maraqlandırmır: "Onun mətbuat konfransında istefasına səbəb kimi verdiyi açıqlamalar qane edici, inandırıcı deyil. Azərbaycan cəmiyyəti bu açıqlamalara inanmayacaq, onu səmimi qəbul eləməyəcək".
AXCP sədrinin digər müavini Həsən Kərimov isə ümumiyyətlə, A.Quliyevin müəyyən ittihamlarına cavab vermək istəmədiyini, eləcə də keçmiş cəbhəçinin bəhanələr uydurduğunu bildirib.
A.Quliyev isə ona edilən hücumlara cavab olaraq heç kimdən qorxmadığını bəyan edib: "Heç nədən və heç kimdən qorxum yoxdur. Məni kimsə ittiham edə bilməz. Məncə açıqlama verəndə də diqqətli olmalıdırlar".
Qeyd edək ki, Asəf Quliyev prezident seçkilərinə 4 gün qalmış Milli Şuradan və AXCP-dən istefa verib. Ötən gün keçirdiyi mətbuat konfransında isə istefasının səbəblərindən biri kimi Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib.
O, həmçinin,2011-ci ildə AXCP-nin prezident seçkilərinə heç bir bloka qoşulmadan iştirak etməsini təklif edib. Lakin AXCP rəhbərliyi onun təklifini qəbul etməyərək, Milli Şuranın sıralarına qatılaraq məğlubiyyətdən yan keçə bilməyib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB