YAP-ın Sədr müavini qanvermə aksiyasında iştirak edib

YAP-ın Sədr müavini qanvermə aksiyasında iştirak edib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və hakim partiyanın Gənclər Birliyi növbəti möhtəşəm humanitar aksiya həyata keçirib. SİA-nın məlumatına görə, bu layihələr həm partiya sıralarında olan, həm də digər gənclər üçün öz əhəmiyyəti ilə seçilir. Növbəti belə bir tədbir bu gün B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib. Burada yüzlərlə gənc qan verib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: "Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub".

Qanvermə aksiyasında YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak ediblər.

Əli Əhmədov deyib ki, bu aksiyanın həyata keçirilməsi təklifini Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi irəli sürüb: "Hesab edirəm ki, bu, çox humanist xarakterli təşəbbüsdür. YAP Gənclər Birliyi tərəfindən irəli sürülən bu təşəbbüsə partiyanın funksionerləri də qoşulmaq qərarına gəldi. Təbii ki, biz də gənclərlə bir yerdə olmaq istədik. Düşünürəm ki, bu aksiya YAP gənclərinin vətənpərvərliyindən, eləcə də Azərbaycanda həyata keçirilən bütün işlərdə maraqlı olduğundan və bu proseslərdə iştirak etmək istəyindən xəbər verir. Qanvermə aksiyası birmənalı şəkildə humanist xarakterli tədbirdir. Yəqin ki, burada verilən qanlar ehtiyacı olan insanların şəfa tapmasına müsbət təsirini göstərəcək. Fikrimcə, bu aksiyanın mənəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, YAP-ın gəncləri bununla hər kəsə bir nümunə göstərirlər. Biz bunu alqışlayır və dəstəkləyirik".

Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-dən çox gənc iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə