Akif Əlizadə: “Prezident Mükafatı gənc alimlərin gələcək fəaliyyəti üçün bir stimul olacaq”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən irəli sürülən namizədlərlə görüş keçirib. SİA-nın məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək dövlət başçısı cənab İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. O bildirib ki, bu mükafat ölkədə gənc alimlərin inkişafı və gələcək fəaliyyəti üçün bir stimul olacaq.
AMEA-nın akademik-katibi Rasim Əliquliyev isə çıxış edərək prezident İlham Əliyevin fərmanı ilə ölkədə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilməklə, altı ədəd 10.000 (on min) manat məbləğində Prezident Mükafatının təsis edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bununla bağlı AMEA-nın da üzərinə böyük məsuliyyət düşür. Mükafata təqdim olunacaq gənclərin seçimi ilə bağlı akademiyanın 40-dan artıq qurumu fərmanın icrasına qoşulublar. Gizli səsvermə yolu ilə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən 36 namizəd irəli sürülüb. Sonradan Rəyasət Heyətinin müvafiq komissiyası tərəfindən həmin şəxslərdən 24 nəfəri müsabiqəyə təqdim edilib".
Akademik-katib onu da vurğulayıb ki, bu gün həmin 24 gənc Ekspert Komissiyası tərəfindən qiymətləndiriləcək. Rasim Əliquliyevin sözlərinə görə, sonradan gənclər üçün Prezident Mükafatına irəli sürülən konkret namizədlərin adları Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Tədbirin davamında mükafata namizəd olan gənclər öz elmi fəaliyyətləri, əldə etdikləri nəticələr barədə məlumat verib, Ekspert Komissiyasının üzvləri tərəfindən verilən sualları cavablandırıblar.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB