ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri nə ilə nəticələndi?
Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi
- Elşad müəllim, necə düşünürsünüz, həmsədrlərin regiona bu dəfəki səfəri digər səfərlərindən fərqlənirmi, yoxsa sadəcə ənənəvi xarakter daşıyır?
- Səfər çərçivəsində əsas nəzərə çarpan məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəldən anonsu verildiyi kimi Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərini təşkil etmək məqsədi ilə regiona səfər etdilər. Bundan öncə amerikalı həmsədr Ceyms Uorliki regiona səfər etmişdi və Azərbaycan dövlət başçısı ilə görüş keçirmişdi. Təbii ki, bu görüşdə münaqişənin tənzimlənməsi müzakirə obyekti olmuşdu. Onu da qeyd edim ki, C.Uorlikidən sonra regiona digər həmsədrlərin də səfəri planlaşdırılırdı. Hətta onu qeyd edim ki, az öncə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərində də prezidentlər arasında görüşün təşkili haqqında informasiyalar verilmişdi. Bu baxımdan, həmsədrlərin regiona bu dəfəki səfəri öncəkilərdən onunla fərqlənir ki, münaqişənin tənzimlənməsi istiqamətində irəliyə addım kimi prezidentlər görüşün təşkili məsləsi müzakirə olundu. Prinsip olaraq prezidentlər görüşmək üçün razılıq verdilər. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərini məhsuldar hesab etmək olar. Çünki, artıq prezidentlərin görüşünün noyabr ayının sonunda olacağı qətiləşdi.
- Prezidentlər arasında görüş dəfələrlə olub və məhz Ermənistan prezidentinin qeyri-konstruktiv mövqeyi səbəbindən həmin görüşlər nəticəsiz qalıb. Sizcə, bu gözlənilən görüşün nəticələri qənaətbəxş ola bilərmi?
- Ümumi şəkildə demək olar ki, görüş özü-özlüyündə müsbət bir haldır. Nəzərə alaq ki, son iki ildə ali səviyyədə görüşlər keçirilməmişdi və münaqişənin tənzimlənməsi məsələsi ancaq xarici işlər nazirləri səviyyəsində müzakirə olunmuşdu. Prezidentlər səviyyəsində görüşün təşkil olunması hər şeydən əvvəl münaqişə tərəfləri arasında komunikasiyanın etibarlılığının artırılmasına və genişlənməsinə təkan verə bilər. Bunun özü-özlüyündə münaqişənin tənzimlənməsində müsbət bir tendensiya hesab oluna bilər. Düşünürəm ki, konkret nəticələrin əldə olunması Ermənistan prezidentinin konstruktiv mövqe nümayiş etdirdiyi halda mümkündür. Çünki Azərbaycan tərəfinin mövqeyi qətidir və aydındır. Belə ki, Azərbaycan münaqişəni dinc və sülh yolu ilə həll etmək istəyir. Amma Ermənistan təbii ki, bütün vasitələrlə status-kvo-nu saxlamağa çalışır.
- Amerikalı həmsədr açıqlamasında vurğulamışdı ki, Azərbaycan və Ermənistan münaqişənin həllində ortaq məxrəcə gəlməlidirlər. Məslə ondadır ki, Azərbaycan və Ermənistan özləri ortaq məxrəcə gəlmək üçün səy göstərmirlərsə, onda ümumiyyətlə, həmsədrlər nə üçündür?
- Hesab edirəm ki, bu bəyanatı bir o qədər də uğurlu hesab etmək olmaz. Çünki onun dediyi sözlər bir başa Ermənistana ünvanlanmalı idi. Çünki Azərbaycanın mövqeyi bəllidir. Bir daha təkrar edim ki, Azərbaycan münaqişəni dinc yolla həll etmək niyyətindədir. Eyni zamanda ATƏT-in irəli sürdüyü prinsipləri qəbul etməyə hazırdır. Yenilənmiş Madrid prinsipləri ilə bağlı Azərbaycanın mövqeyi var idi. Ermənistan uzun illər susqunluq nümayiş etdirdikdən sonra bu prinsiplərə razı olduğunu bəyan etdi. Düzdür Ermənistan bunu özünəməxsus şəkildə bəyan etdi. Belə ki, Ermənistan tərəfi ilkin olaraq Dağlıq Qarabağın statusunun həll etmək lazım olduğunu bildirib. Bu isə ATƏT-in yürütdüyü prinsiplərlə və birbaşa Azərbaycanın maraqlarına ziddir. Çünki, əslində bu münaqişə pilləli şəkildə həll olunmalıdır. O halda Dağlıq Qarabağ məsələsi öz həllini tapa bilər. Bunu isə əsasən Ermənistan tərəfinin bilərəkdən bu cür bəyanatla çıxış etməsi kimi qiymətləndirmək mümkündür. Çünki onlar belə addımlarla münaqişənin həllinin ləngidilməsinə nail olurlar. Amerikalı həmsədr əslində öz bəyanatı ilə münaqişə tərəflərinin öz mövqelərinin qətiləşdirilmələrini istəmişdi. Lakin unutmayaq ki, birmənalı olaraq, Azərbaycanın mövqeyi aşkardır. Münaqişənin həllinə səy göstərən həmsədrlər əslində Ermənistanın öz mövqeyini aşkar etmələrini tələb etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB