Beynəlxalq müşahidəçilər: "Seçkilər gözlədiyimizdən də yüksək səviyyədə təşkil olunub" Sorğu

Beynəlxalq müşahidəçilər: "Seçkilər gözlədiyimizdən də yüksək səviyyədə təşkil olunub" Sorğu

22 saylı Nəsimi II Dairə Seçki Komissiyasının 13, 3, 6, 23 saylı seçki məntəqələrində səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilərin fikirlərini təqdim edirik:

Kanadadan Sheila Copps: "Seçkilərin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi aydın hiss olunur. Diqqətimi çəkən məqamlardan biri də odur ki, bir insan iki dəfə kağız götürmür. Bu da o deməkdir ki, seçki prosesində heç bir saxtakarlığa yol verilmir. Bununla yanaşı, vətəndaşlar öz səslərini ardıcıllıqla verirlər. Saatlar keçdikcə seçicilərin sayında xüsusi aktivlik nəzərə çarpır. İnsanlar yüksək əhval-ruhiyyədə məntəqələrə gələrək, səslərini verirlər. Azərbaycanda seçki prosesinə çox məsuliyyətlə yanaşıldığı ortadadır".

Flippini təmsil edən Domini Torrevillas Suarez: "4 seçki məntəqəsində müşahidə aparan zaman səsvermədə kişilərin çoxluq təşkil etdiyinin şahidi oldum. Əvvəlcə, qadınların az olması diqqətimi çəksə də, saatlar keçdikcə tarazlıq yarandı. Qadın seçicilər arasında da xüsusi aktivlik müşahidə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanda prezident seçkiləri texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, hələlik qayda pozuntuları müşahidə olunmayıb. Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli və beynəlxalq müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Çünki bu, Azərbaycanın demokratiyasının əsas göstəricilərindən biridir".

Flippini təmsil edən Amado Valdez: "Apardığım müşahidələr nəticəsində gördüm ki, əhalinin prezident seçkilərinə inamı olduqca böyükdür. Seçkiyə olan axın yüksəkdir. Səhərə nisbətən günortaya yaxın olduğumuz məntəqələrdə seçicilərin sayı daha çox idi. Bu da yəqin ki, vaxtdan irəli gəlir. Səhər tezdən olmasına baxmayaraq, hər kəs seçki məntəqələrinə yüksək əhval-ruhiyyədə gəlir. Bu da diqqətimi çəkən məqamlardan biri oldu. Azərbaycanda prezident seçkilərinin bu qədər demokratik və şəffaf keçirilməsini gözləmirdim. Gözlədiyimizdən daha da uğurlu nəticə ilə qarşılaşdıq".

Türkiyədən Gözde Dizdar: "Seçki prosesinə nəzər yetirdikdə hiss olunur ki, Azərbaycan bu işə çox ciddi hazırlaşıb. Hər şey yüksək səviyyədə təşkil olunub. Bununla yanaşı, seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrin olması ölkənizin öz güvənini daha da artırmış olur. Prezident seçkiləri Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rola malikdir. Çünki kimin prezident seçilməsi bundan sonra dövlətinizin inkişafını və 5 illik gələcəyini təyin edəcək. Ona görə də mən belə düşünürəm ki, Azərbaycan xalqı seçki məsuliyyətini dərk edir. Onlara heç bir müdaxilə edilmədiyini də nəzərə alsaq, demokratik seçim etməkdə kifayət qədər sərbəst olduqlarını deyə bilərik. Buna görə də indidən seçkilərdə qalib gələcək prezidentə uğurlar arzulayırıq. Seçkilərin özü bütün beynəlxalq standartlara cavab verir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə