“ATƏT-in bu addımı onun obyektiv olmayan hesabatından xəbər verir”- MÜNASİBƏT

“ATƏT-in bu addımı onun obyektiv olmayan hesabatından xəbər verir”- MÜNASİBƏT

ATƏT DTİHB Müşahidə Missiyası seçkilərdən bir gün əvvəl – oktyabrın 8-də media və QHT-lərin iştirakı ilə görüş keçirməyi planlaşdırır. Verilən məlumata görə, görüşdə məqsəd oktyabrın 9-da keçiriləcək prezident seçkisi barədə düzgün ümumi təsəvvür əldə etməkdir. Təəssüf doğuran hal budur ki, tədbirə dəsasən müxalifyönlü media və təşkilatlar dəvət olunub, seçkilər haqqında obyektiv informasiya əldə etmək niyyətini ifadə edən ATƏT DTİHB görüşə müstəqil media nümayəndələrini çağırmayıb. Bu barədə SİA media kapitanlarının fikirlərini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "ATƏT-in DTİHB müşahidə missiyası hər zaman olduğu kimi, hesabatlarını hazırlamaq üçün keçirdiyi tədbirlərə nə iqtidaryönümlü, nə də müstəqil mətbuatı dəvət etmir. Ona görə də onların hazırladıqları hesabatlar cəmiyyət tərəfindən qərəzli adlandırılır. Ölkəmizdə iqtidaryönümlü və müstəqil mətbuat da var. Media təkcə müxalifət mətbuatından ibarət deyil. ATƏT-in seçkidən öncə keçirəcəyi tədbir onu göstərir ki, onlar birtərəfli rəylərə üstünlük verirlər. Bu da onun göstəricisidir ki, ATƏT-in seçkilərin vəziyyəti, mediada seçkilərin işıqlandırılması ilə əlaqədar hazırlayacağı hesabatda cəmiyyətin, mətbuatın qəbul etmədiyi nüanslar olacaq. ATƏT-in bu hərəkəti hazırlayacağı hesabatı kölgə altına atır".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Beynəlxalq təşkilatlar hər zaman müxalifət tərəfdarı olan mətbuatı görüşlərə dəvət edir. ATƏT-in 8 oktyabrda keçirəcəyi tədbirdən obyektiv nəsə gözləmək mümkün deyil. Hər zaman olduğu kimi, bu dəfə də onlar keçirəcəkləri tədbirə müxalifət mediasını dəvət ediblər. Onlar üçün müstəqil və ya iqtidaryönümlü mətbuatın fikirləri daha maraqlı olmalıdır. Əgər söhbət hesabatdan gedirsə, onun hazırlanmansında birtərəfli deyil, hərtərəfli fikirlər ümumiləşmiş formada yer almalıdır. Əgər ATƏT- bu dəfə də ona yaraşmayacaq şəkildə, yəni obyektivlikdən uzaq hesabat ortaya qoyacaqsa, o zaman özünü gözdən salmış olacaq. Bu addım onların əvvəldən hazırlanmış və düşünülmüş nəticələrə xidmət edən addımı kimi qiymətləndiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə