Fəxrəddin Mirzəyev Çexiyaya konsul təyin olunub

Fəxrəddin Mirzəyev Çexiyaya konsul təyin olunub

Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən Fəxrəddin Mirzəyevin Azərbaycan Respublikasının Çexiya Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu vəzifəsinə təyin olunması və onun fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən səfir Tahir Tağızadə Çexiya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin, son illər ərzində iqtisadi, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib və bunun göstəricisi kimi Karlovı Varı şəhərində ölkəmizin fəxri konsulunun təyin olunmasını xüsusi qeyd edib.

Mərasimdə iştirak edən Çexiyanın xarici işlər naziri Yan Kohout Çexiya-Azərbaycan əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu bildirib və fəxri konsulluğun açılmasından sonra da iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Nazir qeyd edib ki, Çexiyanın bəzi sabiq yüksək vəzifəli məmurlarının şəxsi fikirlərinə baxmayaraq, bu gün Azərbaycan uğurla inkişaf edir. Çexiyalı nazir Fəxrəddin Mirzəyevi fəxri konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, Çexiya tərəfinin ekzekvaturasını ona rəsmi olaraq təqdim edib.

Fəxrəddin Mirzəyev xarici işlər nazirinə və Çexiya tərəfinə təşəkkürünü bildirərək, iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Tədbirdə Çexiya parlamentinin senatorları, deputatları, xarici işlər nazirinin müavini Tomaş Dub, sənaye və ticarət nazirinin müavini Martin Hovorka, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hinek Kmoniçek, XİN-in diplomatik protokol departamentinin direktoru Tomaş Pernitski, iş adamları, eləcə də Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə