Neftçalalılar İlham Əliyevə səs verəcək FOTO

Neftçalalılar İlham Əliyevə səs verəcək FOTO

Prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası ölkənin bütün şəhər və rayonlarında genişmiqyaslı təbliğata start verib. Belə tədbirlərdən biri də Neftçala rayonunda baş tutub.

Görüşə toplaşmış rayon sakinlərini salamlayan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq, prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına hazırlıqla bağlı görülmüş işlərdən danışıb: "Biz seçkilərin tam demokratik, şəffaf və ədalətli şəkildə keçirilməsini təmin etməyə çalışırıq və inanırıq ki, YAP Neftçala rayon təşkilatı bu yolda üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gələcək".

Daha sonra A.Cəfərov çıxış üçün sözü YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadəyə verib.

V.Rəhimzadə bildirib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir. İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Hazırda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur: "Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxlaması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr daha yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkləşdirdiyi layihələrin nəticəsidir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Məhz bu siyasət nəticəsində biz bu gün rahat və firavan yaşayırıq. Bunları Prezidentimiz bizim üçün, xalq üçün edir. Əgər Prezident İlham Əliyev mənim üçün, vətənim üçün, dostlarım, vətəndaşlarımız, eləcə də bütün ölkə üçün faydalı, uğurlu işlər görürsə, nəyə görə mən ona prezident seçkilərində bir daha səs verməyim?! Hesab edirəm ki, ölkəsini, dövlətini düşünənlər bundan sonra da qüdrətli Azərbaycana səs verəcəklər".

Daha sonra söz çıxış üçün YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadəyə verilib. A.Rəhimzadə Prezident İlham Əliyev siyasətini daim dəstəkləyən Neftçala sakinlərinə əvvəlcə öz təşəkkürünü bildirib. Prezident İlham Əliyevin son 5 ildə apardığı və ölkənin inkişafına xidmət edən siyasətin əsl təbliğatçısı olduğunu bildirən natiq bu inkişafdan Neftçala rayonuna da böyük pay düşdüyünü diqqətə çatdırıb. Yeni strukturların yaradılması, kommunikasiya xidmətlərinin daha da gücləndirilməsi istiqamətində aparılan işlər, sənaye müəssisələrinin bərpası və yenilərinin açılması Neftçala rayonunda əsl canlanma yaradıb: "Prezident İlham Əliyev seçkiqabağı təbliğatını gördüyü işlərlə aparıb. Bütün Azərbaycan xalqı, o cümlədən Neftçala əhalisi bu siyasətin canlı şahidləridir. Fikrimcə, həm daxili, həm də xarici siyasətdə əldə olunan nailiyyətlər xalq tərəfindən bəyənilir və dəstəklənir. Cənab İlham Əliyevin gələcək üçün daha böyükmiqyaslı proqramları var. Bu proqramlar vətəndaşlarımızı xoş güzərana aparır. İnanıram ki, oktyabrın 9-da Neftçala seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin qarantına - İlham Əliyevə səs verəcəklər".

Sonra tədbirə toplaşan seçicilər də bildiriblər ki, onlar çoxdandır bu günü gözləyirlər və 9 oktyabrda bütün Neftçala seçiciləri İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə