YAP Nizami rayon təşkilatı təbliğat kampaniyasına uğurla start verdi
Mərkəzi Seçki Komissiyasının seçki təqviminə əsasən sentyabr ayının 16-dan başlayaraq, təbliğat prosesi başlayıb və ölkənin hər bir yerində 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasına start verilib. Təbliğat kampaniyasına uğurla start verən rayonlar arasında Nizami rayonu da var.
Belə ki, İlham Heydər oğlu Əliyevin seçki qərargahının Nizami rayon şöbəsi təbliğat kampaniyasına sentyabr ayının 15-dən 16-na keçən gecə start verib. Qərargahın 50-dək fəalı Yeni Azərbaycan Partiyasının namizədinin təşviqat şəkillərini bayram əhval-ruhiyyəsilə seçki məntəqələrindəki lövhələrə yapışdırıb. Fəallar "İlhamla irəli" şüarı ilə bəzənmiş köynəkləri, papaqları və şərfləri geyinməklə YAP Nizami rayon təşkilatının qərargahından qruplar halında seçki məntəqələrinə üz tutublar. Yüksək fəallıq şəraitində tutan prosesdə xüsusilə gənclər iştirak ediblər.
Gənclərin İlham Heydər oğlu Əliyevin seçki kampaniyasında bu dərəcədə aktiv iştirak etməsinin səbəbləri haqqında danışan İlham Heydər oğlu Əliyevin seçki qərargahının Nizami rayon şöbəsinin rəhbəri Sədaqət Vəliyeva bildirib ki, demokratik inkişaf yolunu tutmuş Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına, xüsusilə də, gənclərin inkişafına istiqamətlənib: "Əhalinin 30 faizini təşkil edən və cəmiyyətin fəal üzvləri olan gənclər Azərbaycanın əldə olunan nailiyyətlərindən faydalanır. Aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almalarına, fiziki sağlam olmalarına, sosial cəhətdən təmin olunmalarına yönəlib. Uğurla aparılan bu siyasətin nəticəsində ölkəmiz tək iqtisadi inkişaf templərinə görə deyil, eyni zamanda gənclər siyasəti sahəsində lider dövlətlərdən biridir. 1993-cü ildə atılan uzaqgörən addımlar əsasında son 10 il ərzində ölkədə strateji sahələr üzrə tarixi irəliləyişlər əldə olunub".
Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır: "Bu siyasətin reallaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin gənclərlə iş sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib".
Qeyd edək ki, gənc fəallar İlham Heydər oğlu Əliyevin şəkillərini qısa müddət ərzində Nizami rayonunda yerləşən 76 seçki məntəqəsindəki lövhələrə yapışdırıb.
Sözügedən prosesdə iştirakından qürur duyduğunu söyləyə gənclər bir daha Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini bildiriblər. Məsələn, onlardan biri Ramil Vəlibəyov deyib ki, Prezident İlham Əliyev gənclərin gələcəyinin arxitektorudur: "Biz aydın şəkildə başa düşürük ki, bu günkü stabil və dinamik inkişaf əzəldən belə olmayıb. Bu, Ulu öndər Heydər Əliyevin və Onun siyasi varisi Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Biz bunu görürük və qiymətləndirik. Ona görə də, İlham Heydər oğlu Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyirik".
Arif Məmmədov isə deyib ki, Prezident İlham Əliyev gənclərin inkişafı üçün bütün şəraiti yaradıb: "Ona görə də, Onun namizədliyini dəstəkləyirik və bu işdə iştirakımızdan qürur duyuruq".
Tural İsgəndərov da öz növbəsində Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsindəki rolunu ifadə edərək söyləyib ki, İlham Heydər oğlu Əliyev bütün Azərbaycan gəncliyinin seçimidir.
Rəşad Ağayev də vurğulayıb ki, hər zaman olduğu kimi bu dəfə də Prezident İlham Əliyevin arxasında yüzminlərlə gənc duracaq: "Biz gənclər Prezident İlham Əliyevin növbəti 5 illikdə də respublikamıza rəhbərlik etməsini istəyirik".
Göründüyü kimi, Nizami rayonunda İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyilə start götürüb. Bu da İlham Heydər oğlu Əliyevin seçki qərargahının Nizami rayon şöbəsinin işinin yüksək səviyyədə təşkil olunmasından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB