Politoloq: “Yaxın-Orta-Şərqdə başlayan lokal müharibə III Dünya Müharibəsinin başlamasına səbəb ola bilər”
"ABŞ-ın Suriyaya hərbi müdaxilə etmək istəməsi "cığal uşağın" hərəkətlərinə bənzəyir. Çünki Suriyada kimyəvi silahın istifadə olunmasına dair fakt yoxdur". Bu fikirləri SİA-ya politoloq Cümşüd Nuriyev ABŞ-ın Suriyaya müdaxiləsinə dair məsələni dəyərləndirərkən deyib.
Politoloqun sözlərinə görə, kimyəvi silahın istifadəsinə dair uydurmalar ABŞ-ın Suriyaya girməsi üçün əvvəlcədən hazırlanan oyundur: "Kimyəvi silahların alınmasına baxmayaraq, istifadə olunmasının bilinməməsi ucbatından həmin silahları gətirən şəxslər və bu silahların saxlanıldığı tuneldə olan insanlar zəhərlənərək ölüb. Bunu həyata keçirmək üçün İordaniya ərazisindən gətirilən və ABŞ tərəfindən hazırlanmış 300 nəfər silahlıdan da istifadə olunub. Faktı orada həlak olanların valideynləri, Suriya və Avropa ölkələrinin bir sıra kəşfiyyat orqanları da təsdiqləyir. Bütün bunlar ABŞ-ın Suriyaya müdaxilə etməsi üçün əvvəlcədən hazırlanan oyundur".
C.Nuriyev bildirib ki, ABŞ-ın Suriyaya girmək istəməsi İsrailin Yaxın-Orta-Şərqdəki mövqeyinin möhkəmlənməsinə xidmət edən bir gedişdir: "Ancaq ABŞ bir məsələni unudur ki, artıq dünya tək qütblü deyil. Dünyanın idarə olunma mərkəzi ABŞ-dan həm şərqə, həm də qərbə tərəf sürüşdürülür. Bu məsələ də ABŞ-ı çox narahat edir. Çünki, artıq dünya üç qütblü olmağa başlayıb. Öz aləmində ABŞ hazırki mövqeyini əldən verməmək üçün belə addımlar atır. Bu gün Avropa İttifaqı, Rusiya, Çin, Hindistan və digər böyük dövlətlər də əvvəlki kimi zəif deyillər. Hətta Suriya məsələsi Böyük 20-lik ölkələrini və Ərəb dünyasını, iki yerə parçaladı. Hazırda müsəlman aləmində də bu məsələ parçalanmalar yaradıb".
Politoloq bildirib ki, ABŞ-ın Suriyaya müdaxilə etmək istəməsinin arxasında Yaxın-Orta-Şərqdə həyata keçirməyə çalışdığı planlar durur: "Ancaq ABŞ Suriyanın vurulması ilə bağlı hər hansı addım atsa, bu təkcə Suriya ilə əhatələnməyəcək. Yaxın-Orta-Şərqdə başlayan lokal müharibə sonda III Dünya Müharibəsinin başlamasına səbəb ola bilər. Bu da arzuolunan hal deyil".
Politoloqun sözlərinə görə, ABŞ-ın Suriyanı vurması bir dövlət kimi onun sonu olacaq: "Bu gün ABŞ dünyada təklənirsə, sonrakı mərhələdə bu daha gərgin olacaq. Yəni ABŞ-ın bölgələrdəki iqtisadi maraqları getdikcə sıxışdırılacaq. Həmçinin dünyada növbəti terror dalğası başlaya bilər. ABŞ bütün bunların hər birini nəzərə almalıdır. Eyni zamanda Vatikan Kilsəsinin müraciətini də qiymətləndirməlidir. Çünki ABŞ katolik dövlətidir. Bunu nəzərə almasa, dinlərin yenidən qarşıdurması gündəmə gələ bilər. Bütün bunların fonunda ABŞ-ın Suriyaya müdaxiləsi çox təhlükəli gələcəkdən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB