"Ermənistan prezidenti Serj Sarkisyan xəstədir və böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinlə görüşə getməyəcək". Bu barədə SİA-ya açıqlaması zamanı Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu məlumat verib.
Politoloq bildirib ki, bu səfər baş tutmayacaq, hətta Sarkiyanın İrəvanda olub-olmaması bəlli deyil: "Serj Sarkisyan Xorvatiyaya müalicəyə gedib. Hətta onun bu addımı göstərir ki, öz canını Moskvaya etibar etmir. Qorxur ki, xəstəliyindən Moskvadakılar xəbər tutsalar, onu öldürə bilərlər. Ermənistan-Rusiya qardaşlığı fonunda verilən bəyanatlar isə ritorikadan başqa heç nə deyil. Bunları nəzərə alaraq deyə bilərəm ki, böyük ehtimalla görüş baş tutmayacaq. Çünki Ermənistan prezidenti ağır xəstədir. Bəlkə də, sağalmaz xəstədir".
"Bu gün Moskvada erməni kilsəsi açılmalı idi. Lakin kilsənin açılışı sentyabrın 7-nə təxirə salındı. Serj Sarkisyan da Rusiyaya səfər çərçivəsində erməni kilsəsinin açılışında iştirak etməli idi. Hətta ona da çalışırdılar ki, Vladimir Putin də orada iştirak etsin. Erməni kilsəsinin açılışının təxirə salınması da bu görüşün baş tutmayacağını bir daha təsdiq edir" - deyə, M.Əhmədoğlu sözlərinə əlavə edib.
Politoloq qeyd edib ki, dünən axşam S.Sarkisyanın Rusiya səfəri çərçivəsində nəzərdə tutulmadığı halda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan Moskvaya gedib: "Onun bu səfəri əvvəlcədən nəzərdə tutulmamışdı. Əgər prezident bu gün səfər edirsə, onun Serj Sarkisyandan bir neçə saat qabaq Moskvada nə işi var? Görünür, Sarkisyanla bağlı məsələləri Moskvaya çatdıracaq. Belə olmasaydı, Baqdasaryan Moskvaya prezident nümayəndə heyətinin tərkibində gedərdi".
Politoloqun sözlərinə görə, Ermənistan prezidentinin ölkəsində olmamasını təsdiq edən digər bir fakt isə, dünən Ermənistanda Avropa Şurasının nümayəndələrinin də iştirakı etdiyi tolerantlıqla bağlı tədbirə qatılmamasıdır: "Ermənistan tolerantlıqla bağlı Azərbaycanla ciddi mübarizə aparır. Yəni Ermənistan rəhbərliyi tolerantlıqla bağlı keçirilən tədbirlərə böyük önəm verir. Onların fikrincə, guya tolerantlığın səviyyəsi Azərbaycanla müqayisədə, Ermənistanda daha yüksəkdir. Tolerantlıqla bağlı tədbirlərə böyük önəm verilməsinə baxmayaraq, Ermənistan prezidenti nə tədbirdə iştirak etdi, nə də müraciəti səsləndi. Buradan da bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda deyil".
M.Əhmədoğlu S.Sarkisyanla Rusiya prezidenti Vladimir Putinin görüşü baş tutacağı təqdirdə, müzakirə oluna biləcək məsələlər barədə də fikirlərini səsləndirib: "Görüş alınsa, 2 məsələ ətrafında müzakirə aparılacaq. Birinci və Rusiya üçün ən aktual məsələ, Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlıdır. Yəni Ermənistan Gömrük İttifaqına daxil olur, yoxsa olmur? Yəni Rusiyanın dəstəklədiyi Gömrük İttifaqına girəcək, yoxsa girməyəcək? Başqa sözlə, Ermənistan Avropa İttifaqının ortaya qoyduğu Şərq Tərəfdaşlığı Proqramı ilə bütün əməkdaşlığı dayandırmalı, assosiativ müqaviləni imzalamamlı, Moskvada da Gömrük İttifaqına girmək haqqında sənədlərə imza atmalıdır. İkincisi isə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Serj Sarkisyanın Gömrük İttifaqına daxil olma ilə bağlı sənədləri imzalayıb- imzalamamasını nəzərə alaraq, Rusiya indiki mərhələ üçün Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müəyyənləşdirəcək. Əgər Sarkisyan Gömrük İttifaqına qoşulmayacaqsa, Dağlıq Qarabağla xudahafizləşməlidir. Sarkisyan Gömrük İttifaqına qoşulsa, Vladimir Putin ona Azərbaycanla "dil tapması" üçün vaxt verə bilər. Həmçinin Putin regional təhlükəsizliyin möhkəmləndirilməsi, yəni ilkin mərhələdə işğal olunmuş yeddi rayonun geri qaytarılması ilə bağlı tapşırıq verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB